Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-05 13:44:00
“Valideynlər onlayn dərslərə “internet” çatdıra bilmirlər” – Ucqar kənd müəllimi

 

 

“Uşaqların məktəb üçün çox darıxdıqları hiss olunur. Bu səbəbdən kitaba və elmə daha çox sarılıblar. Onlayn dərslər keçirilməsəydi, şagirdlər həm proqramdan geri qalacaqdılar, həm də  dərs oxumaları üçün motivasiyaları olmayacaqdı. Ancaq mən də şagirdlərimə bir şeyi izah etməyə çalışıram ki, elmi öyrənmək və savadlı olmaq üçün məsafələr əngəl deyil”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Balakən rayonu Beretbinə kənd ümumi orta məktəbinin fizika müəllimi Günəş Qubalova söyləyib.

 

 

Onun sözlərinə görə, bu məktəbdə mart ayından etibarən onlayn dərslər keçirilir:

 

“Biz məktəb müəllimləri olaraq, onlayn dərslərə başlamışıq. Dərsləri “Whatsapp” və “Zoom” proqramı vasitəsilə keçirik. Hazırkı vəziyyətdə onlayn təhsilin önəmi çox böyükdür. Onlayn tədrisə başlamağımızda əsas məqsəd şagirdlərin dərsdən uzaqlaşmamalarına şərait yaratmaq və onları bacardığımız qədər motivasiya etməkdir. Uşaqları karantin günlərində kitab oxumağa və yeni biliklər əldə etməyə istiqamətləndiririk. Sagirdlərimiz də bu dərslərdə aktiv şəkildə iştirak edirlər”.

 

Fizika müəllimi onlayn təhsilin üstünlüklərindən və üzləşdikləri çətinliklərdən bəhs edib:

 

 

“Onlayn təhsilin həm müsbət, həm də mənfi tərəfləri var. Şagirdlər artıq bu cür hallarda, yəni virus və ya hər hansı təhlükə ilə üzləşdiyimiz təqdirdə onlayn dərsə hakim olacaqlar. Biz uşaqlar üçün onlayn sınaqlar təşkil edirik, onlar “whatsapp” və digər proqramlar üzərindən limitsiz sayda suallar verirlər. Bu, onlayn təhsilin ən üstün cəhətidir.

 

Təbii ki, çatışmazlıqlar da çoxdur. Kənd yerlərində internet yoxdur. Valideynlər meqabayt yükləyirlər və uşaqlar bütün dərsləri həmin internetlə çatdıra bilmirlər. Bu, ən böyük problemimizdir.

 

Həmçinin, uşaqların dərsləri mənimsəmələrində də çətinliyimiz olur. Fizikada məsələ həllini bəzən uşaqlar başa düşə bilmirlər, mən təbii ki, əlimdən gələni edərək, videolar vasitəsilə onlara izah etməyə çalışıram. Məktəbdə olanda uşaqlarla birlikdə məsələləri analiz edirdik, həll edirdik. Ancaq indi bu mümkün deyil”.

 

“Uşaqlar məktəbin açılmasını çox istəyirlər. Çünki uzun müddət kompüter və telefonla vaxt keçirmək onların gözlərinin sağlamlığı üçün də zərərlidir. Ümid edirik ki, bu virus tezliklə yox olar və məktəblərdə yenidən şagirdlərimizlə dərs keçmək imkanını əldə edərik. Çox istəyərdim parta arxasında əyləşən, məktəbdə qaçan və oynayan şagirdlərimi yenə görüm…”, - deyə Günəş müəllim sözlərinə əlavə edib.