Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 15:51:39
“Təhsilimiz yalnız avropalaşmalı deyil, həm də milliləşməlidir” – Akif Aşırlının təhsil resepti

AzEdu.az-ın “Təhsil resepti” rubrikasının budəfəki müsahibi “Şərq” qəzetinin baş redaktoru, mətbuat tarixçisi Akif Aşırlıdır.

O, təhsilimizdəki bir sıra çatışmazlıqlara diqqət çəkib. Əsas problemi isə orta məktəblərin əxlaqi tərbiyədə yol verdikləri boşluqda görür:

“Bizdə əxlaqı - özündə yalnız cinsəl münasibətləri ehtiva edən anlayış kimi başa düşürlər. Son dövrlər əxlaqi çatışmazlıqlarla bağlı bir neçə xoşagəlməz hallar baş verib. Saytlarda, sosial şəbəkələrdə belə olaylar eşitmişik. Təbii ki, bu əxlaqı formalaşdıran amillər var. Təhsil, ailə, cəmiyyət əsas amillər kimi komponent təşkil edir. Birinci növbədə cəmiyyətin özü əxlaqlı olmalıdır ki, uşaq o mühitə düşəndə əxlaqlı böyüsün. Bu baxımdan müəyyən problemlərimiz var. Bu, təhsilimizə də sirayət edir. Evdə, ailə və məktəbdə bununla bağlı konkret addımlar atılmalı, təbliğat mexanizmləri işə düşməlidir. Yalan danışmaq, yaşlıların sözünün kəsib böyük iddialarla çıxış etmək də əxlaqsızlıqdır. Təhsilimiz yalnız avropalaşdırılmalı deyil, həm də milliləşdirilməlidir”.

Onun sözlərinə görə, ölkəmizdə islahat adı altında aparılan dəyişikliklər bir sıra problemlərə yol açıb:

“Təəssüf ki, orta məktəb şagirdlərinin özünüifadə bacarıqları yoxdur. Çünki təhsil sistemimizdə kifayət qədər boşluqlar var. Bunlar həm də bir çox sahələrdə islahat adı altında aparılan dəyişikliklərdən yarandı. Köhnə müəllim kontingenti, pedaqoqların düşüncəsi ilə müasir düşüncənin sintezini yaratmağa çalışdılar. Amma bu, alınmadı və müəyyən boşluqlar yarandı. Bu baxımdan düşünürəm ki, bizdəki islahatlar təkamül prosesinə uyğun aparılmalı idi. Təəssüf ki, bu, təkamüllə reallaşmalıdı, birdən-birə Misir Mərdanov dönəmindən Mikayıl Cabbarovun islahatlar dönəminə keçidlə müşayiət edildi və xeyli boşluq yarandı. Elə bu boşluqlara görə də problemlər yaşayırıq. Şagirdlərin fikrini ifadə imkanları olmalı, dərslər interaktiv keçirilməlidir. Tədris məktəbliyə özünüifadə bacarığı aşılamalı, yazı işlərinə ciddi fikir verilməlidir. Efirə çıxan aparıcıların danışığına diqqət edin. Onlar heç özləri də fikirlərini ifadə edə bilmirlər. Hələ bunlar orta nəsildirlər. İndi görün efirə gənclər çıxanda vəziyyət necə olacaq. Guya, onlar fikirlərini ifadə edə biləcək? Məncə, bütün bunlar orta təhsil dönəmində şagirdlərə aşılanmalıdır. Xüsusilə də humanitar fənlər konkret nəzəriyyələr deyil, praktiki vərdişlər üzərində qurulmalıdır. Məsələn, tarixi hadisələrin elə dönəmini yaşayırıq ki, bunu öyrənməyə ehtiyacımız var”.

Akif Aşırlı jurnalistika fakültəsinin adı və istiqamətlərinin dəyişməsini təklif edib:

“Jurnalistika fakültəsində köklü dəyişikliklər olmalıdır. Məncə, ümumiyyətlə, onun adı dəyişdirilməli, “media və ictimaiyyətlə əlaqələr fakültəsi” olmalıdır. Çünki dünya jurnalistika fakültələrinin istiqaməti artıq illərdir ki, dəyişib. Hətta ayrıca qəzetçilik, sinema, ictimaiyyətlə əlaqələr və s. bölmələr var. Bizdə müəyyən dəyişikliklər olunub, amma hələ də köklü islahatlara ehtiyac var. Yəni, bu fakültənin istiqamətləri genişlənməli, əlavələr olunmalıdır. Sosial media artıq həyatımızın tərkib hissəsidir, insanlar virtual həyat yaşayırlar. Bu, geniş anlayışdır. Sosial mediada vətəndaş jurnalistikasının çəkisinin nə qədər olması ciddi araşdırılmalı, jurnalistika fakültəsinə tətbiq edilməlidir. Həmçinin bu fakültədə tədrisin keyfiyyəti də dəyişdirilməlidir”.

O, boloniya prosesi ilə test sisteminin uyğun gəlmədiyini qeyd edib:

“Hesab edirəm ki, boloniyanın Azərbaycanda tətbiqi müəyyən mənada müsbət yeniliklər gətirməsi ilə bərabər, xeyli çətinliklər və problemlərə də yol açıb. Çünki uşaqlar test üsulu ilə hazırlaşır və bununla boloniya prosesi uyğun gəlmir. Boloniyada fikrin ifadəsi əsas götürülür, imtahanlar yazılı olur. Məncə orta məktəbdəki təhsilin davamı ali məktəbdir. Bununla bağlı müəyyən işlər görmək olar. Təbii ki, boloniyanın üstünlükləri var, o, dünya dövlətlərinin sisteminə inteqrasiya deməkdir, diplomlarımızın Avropa ölkələrində tanınmasına yardımçı ola bilər. Amma tədrisin keyfiyyətinə bunun nə dərəcədə təsir edib etməyəcəyini deyə bilmərəm”.

Ölkəmizdə kasıb ziyalı termininin formalaşdığını deyən A.Aşırlı elmi uğurların sənayeyə təsir göstərmədiyini deyib:

“Birinci növbədə cəmiyyətdə elmi potensiala verilən qiymət dəyişməlidir. Cəmiyyətin, dövlətin alim və ziyalılara münasibətində xeyli dəyişikliklərə ehtiyac var. Artıq bizdə “kasıb ziyalı” termini formalaşıb. Bu onun nəticəsidir ki, ziyalı aldığı əməkhaqqı ilə yalnız kasıb, çətin şəraitdə dolana bilir. Adi dükanı olan və ya Sədərək bazarında satıcı işləyənin aldığı əməkhaqqıdan qat-qat aşağı maaşı olan alimin qiymətini cəmiyyət bu ifadə ilə verə bilir. Dövlətin büdcəsindən elmə ayrılan vəsait artırılmalıdır. Prioritet istiqamətlər var. Yeni texnologiyaların ölkəyə gətirilməsi üçün işlər aparılmalıdır. Məsələ bundadır ki, xarici ölkələrin laboratoriyalarında əldə olunan nəticələr sənayeyə də təsir edir. Bizdə isə bu sahədə boşluqlar var. Elmdə əldə olunan uğurlar sənayeyə nə dərəcədə tətbiq olunur? Bunlar kənd təsərrüfatına necə təsir edir? Bunlar hər biri araşdırılmalı və konkret ölçülər götürülməlidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları