https://www.zirve.edu.az/
13.01.2020 15:41
"Uşaqlıqdan elmə, tədqiqata marağım olub"

Aytən Səfərova: "Hədəfim inkişaf etmiş ölkələrlə Azərbaycan arasında elmi körpülər yaratmaqdır"

Son illər ölkəmizdə istedadlı gənclərin aşkara çıxarılması və onların elmi yaradıcılığa təşviq olunması  istiqamətində görülən məqsədyönlü işlər tələbələrimizin fəal surətdə universitet auditoriyalarından başlayaraq tədqiqatçılıq f'əaliyyətlərinə cəlb olunması müşahidə olunmaqdadır. Gənclər bir sıra problemli məsələlərin araşdırılması üzrə tədqiqatlar aparır və elmi nəticələrin nüfuzlu jurnallarda dərcinə nail olurlar. Onlardan biri də tələbəlik illərindən elmi özünə həyat yolu seçmiş Aytən Səfərovadır.

Aytən Səfərova 1997-ci ildə Rusiyanın İjevsk şəhərində anadan olub. Şirvan şəhəri 20 nömrəli tam orta məktəbi bitirib. Orta məktəbdə bütün fənlərə eyni dərəcədə maraq və həvəs göstərib. Ancaq  kimya və  coğrafiya fənləri onu daha çox cəlb edib. Ayrı-ayrı vaxtlarda biologiya və kimya üzrə olimpiadalarda, eləcə də məktəblərarası və şəhərlərarası təbiət elmləri üzrə yarışlarda iştirak edib. Elmə, elmi tədqiqatlara maraq onu Bakı Dövlət Universitetinə  (BDU) gətirib. 2019-cu ildə BDU-nun kimya fakültəsindən məzun olub.

Aytən 2019-cu ilin noyabr ayında ASEAN Universitet Şəbəkəsinin (ASEAN University Network -AUN) dəstəyi, "Youth Break the Boundaries Fondu",  həmçinin, İndoneziyanın UİN Sunan Kalijaga Universitetinin tam maliyyələşdirdiyi "Research Attachment" Proqramının kimya üzrə ən uğurlu  namizədi seçilib. İndoneziyanın sözügedən ali təhsil müəssisəsində tropik kimya üzrə tədqiqat aparıb.

"Azərbaycan müəllimi"nə verdiyi açıqlamada Aytən ASEAN University Network-də apardığı elmi tədqiqatlar barədə məlumat verib:

- Dünya üzrə müxtəlif ixtisaslardan (kimya ilə yanaşı, əlavə 6 ixtisas -  kompüter elmləri, sənaye mühəndisiyi, riyaziyyat, siyasət elmləri, biologiya, fizika) bu proqrama ən uyğun namizədlər Misir, Malayziya, Kenya, Makedoniya, Tacikistandan olan tədqiqatçılarla birlikdə İndoneziyanın UİN Sunan Kalijaga Universitetində tədqiqat apardıq.

26 noyabr 2019-cu il tarixində sözügedən universitetin təşkil etdiyi, dünyanın 30 ölkəsindən professorların, tədqiqatçıların iştirak etdiyi, 200-dən çox məqalə və təqdimatın təqdim edildiyi   İCSE III (İnternational Conference on Science and Engineering) beynəlxalq elmi konfransın təqdimatçısı olub, BDU-da bakalavr dərəcəsi almaq üçün müdafiə etdiyim “Ferrit hissəcikli polimer nanokompozitlərin hazırlanması və analizi"  adlı  diplom  işimin  təqdimatını etdim. Elmi işim mükafatlandırıldı. Elmi məqaləm bu il "Biology  Medicine and Natural Product Chemistry”  jurnalında dərc olunacaq.

İndoneziyada olduğum 25 gün ərzində UİN Sunan Kalijaga Universitetində ölkəmiz haqqında, Azərbaycanın yüksək səviyyədə tanınması üçün dəfələrlə təqdimatlı çıxışlar etdim. Qürurla ölkəmizin tarixindən, mədəniyyətindən, musiqisindən, bəstəkarlarımızdan bəhs etdim. Ermənistan - Azərbaycan  Dağlıq Qarabağ münaqişəsi haqqında  məlumat verdim. Bu, mənim vətəndaş olaraq  borcumdur!

Universitetdə apardığım tədqiqatla yanaşı, həftə sonları tədqiqatçı, motivator  və spiker  olaraq seminarlara dəvət olunurdum. Seminarlarda Azərbaycanda apardığım tədqiqatlar haqqında məlumatlar verir, həmçinin fakültənin tələbələrinə təcrübələrimdən bəhs edirdim; elmi diskussiya atmosferi yaradırdıq. 

Sonuncu həftə, tropik kimya üzrə tədqiqatımı yekunlaşdırıb, fakültə heyəti önündə elmi təqdimatını etdim.  Bu, bir növ elmi işin müdafiəsi idi. İndoneziya  universitetində apardığım tədqiqatın adı “Green synthesis of BIEDIESEL (from coconut oil) using Brine crystal as Base catalyst precursors”dır. Apardığım tədqiqat işi bu il  İndoneziyanın “İnovasiİndustri”  jurnalında dərc olunacaq.

Elmi və beynəlxalq sferada ilk təcrübəm

Hesab edirəm ki, dünyaya, cəmiyyətə, xalqa müxtəlif istiqamətlərdə, fərqli işlərlə məşğul olaraq töhfə vermək olar. Mənə görə elmi-tədqiqatla məşğul olmaq,  yeniliklər etmək, innovasiyalar yaratmaq planetə, ölkəmə töhfə vermək ən şərəfli işdir. Maraq və məqsəd varsa, enerji və həvəs hər zaman yaranacaq. Tədqiqat aparmaq, tədqiqatı nə məqsədlə apardığını dərk etmək, müzakirə aparmaq, gördüyün işin nəticəsini təqdim etmək mənə böyük zövq verir.
İndonoziyaya səfər mənim elmi və beynəlxalq sferada ilk təcrübəm idi.
Yaxın dövr üçün hədəflərimdən ən əsası inkişaf etmiş ölkələrlə Azərbaycan arasında elmi körpülər yaratmaqdır. Hədəflərimdən biri də Yaponiyada magistratura təhsili almaqdır.

Oruc MUSTAFAYEV(Azərbaycan müəllimi)