Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 12:38:00
Science Direct-də kriminologiya üzrə məqaləsi nəşr edilən yeganə azərbaycanlı

Daha bir istedadlı azərbaycanlı gəncin elm sahəsində uğuru barədə xəbər Hollandiyadan gəldi.  

 Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunu, ''Sosioloji nəzəriyyələr''(2015) və ''Tədqiqat metodları'' kimi kitabların müəllifi İnqilab Şahbazovun dünyada və Azərbaycanda azadlıqdan məhrumetməyə alternativ cəza tədbirləri  sahəsində apardığı araşdırma - ''Excessive use of pre-trial detention in Azerbaijan: Examination of the causes'' 2019-cu ildə ingilis dilində "International Journal of Crime, Law and Justic" jurnalında dərc edilib.

 Bundan əlavə, cari ilin iyun ayında adıçəkilən jurnalda İ.Şahbazovun  ''Exploring the attitudes of university students and criminal justice professionals towards electronic monitoring in Azerbaijan: A focus group study'' adlı məqaləsi də nəşr edilib. Beləliklə, o,  Science Direct informasiya portalında (bu portalda 2500-dən artıq jurnal var) kriminologiya üzrə məqaləsi nəşr edilən yeganə azərbaycanlı statusuna yiyələnib.

 "Azərbaycan müəllimi" qəzetinə verdiyi açıqlamasında İ. Şahbazov qeyd edib ki,   jurnal Hollandiyada nəşr edilir: "Jurnalın redaktoru Böyük Britaniyadandır, impakt faktoru 0.8752-dir.  Ümumiyyətlə, Science Direct - dəki bütün jurnalların impakt faktor dərəcəsi mövcuddur. Mənim məqaləmin yüklənmə sayı 510-u keçib". 
 Gənc tədqiqatçı müntəzəm olaraq universitet auditoriyalarında elmi seminar və təlimlərdə iştirak edir. Esselərin yazılma, elmi tədqiqatların aparılma qaydaları,  problemli məsələlərin həllinə yanaşma kimi bir çox mövzularda çıxışlar edir. "Gənclərimizdə tədqiqatçılığa maraq səviyyəsi, təəssüf ki, uzun illər aşağı olub. Bunun müxtəlif səbəbləri var - universitetdə təhsil və tədris sistemi, tədqiqat işinin elə də gəlir gətirməməsi, bu sahəyə az investisiya qoyulması və s. Lakin, son bir neçə ildə artım müşahidə edirəm; unviersitetlərimiz, xüsusilə də,  Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), ADA Universiteti, Bakı Mühəndislik Universiteti bu işə ciddi diqqət ayırmağa başlayıb",-deyə İ.Şahbazov bildirib.

 Qeyd edək ki,  İ.Şahbazov  sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu sertifikatlarından olan Market Research Society Advanced Certificate in Market and Social Research Practice sertifikatının sahibidir. Hazırda  Sosial Tədqiqatlar Mərkəzində baş məsləhətçi kimi çalışır, eyni zamanda  həmtəsisçisi olduğu Azərbaycan Elm Assosiasiyasının həmsədri vəzifəsini icra edir.

 O, 2012-ci ildə İngiltərənin Şeffild Universitetinə daxil olaraq, sosiologiya üzrə bakalavr, daha sonra  London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində ədliyyə sistemi üzrə magistratura təhsili  alıb.  
 İ.Şahbazov  hər iki təhsil müddətində kriminologiya, hüquq və cəza mövzuları barədə geniş biliklər əldə edib, tədqiqatlar aparıb, kriminologiya üzrə 2 dissertasiya mövzusunu müdafiə edib. Dissertasiyaların mövzuları cinayətin başvermə səbəbləri, onun cəzalandırma metodları və effektivliyi sahələrini əhatə edib.  Praktiki olaraq isə, İngiltərədə təhsil aldığı müddətdə kriminologiya sahəsində kəmiyyət tədqiqatı, sosial məsələlər üzrə isə keyfiyyət araşdırmaları istiqamətində çalışıb.

 Azərbaycanda araşdırma şirkəti (SİAR Consulting) və beyin mərkəzində (İqtisadi və Sosial İnkişaf Mərkəzi - İSİM) çalışdığı müddətdə sosial, kriminoloji və iqtisadi məsələlər üzrə müxtəlif metodoloji üsullarla araşdırma apararaq,  nəticələrini aidiyyəti qurumlara təqdim edib.
İ.Şahbazov  2018-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə  dünyada və Azərbaycanda azadlıqdan məhrumetməyə alternativ cəza tədbirlərinin araşdırıldığı tədqiqatın rəhbəri olub.

 Oruc MUSTAFAYEV