Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-04 09:51:00
Universitetlərin beynəlxalq reytinq cədvəli necə müəyyən edilir?-Araşdırma

Beynəlxalq səviyyəli universitetlərin reytinq cədvəlləri hər il müəyyən olunur.  

Bəs, dünyanın məşhur universitetlərinin reytinq cədvəli hazırlandığı zaman hansı göstəricilər əsas götürülür? 

AzEdu.az bununla bağlı yazını təqdim edir:

Dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqini tərtib edərkən bir neçə meyarı - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payını nəzərə alır.

Ümumiyyətlə, universitetlərin reytinq cədvəli müəyyənləşdirildiyi zaman universitetin tədqiqat imkanları, nüfuzlu nəşrlərdə çap edilmiş tədqiqat işlərinin sayına da fikir verilir.  Həmçinin, tələbə-müəllim nisbəti, universitetin infrastrukturu, laboratoriyaları, məzunlarının iş tapmaq bacarıqları və iş həyatına necə hazırlanması və s. məqamlar da nəzərə alınır

Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri “QS” təşkilatıdır. “QS” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim - tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır.

İndi orta məktəb məzunlarını 20-30 il əvvəlki kimi hansısa universitetin verdiyi diplom  deyil, onun gələcək illərdəki texnoloji inqilablar dövrü ilə ayaqlaşmasını təmin edəcək  daha keyfiyyətli  ali təhsil maraqlandırır. Elə buna görə də bacarıqlı,  özünəgüvənən gənclər reytinqli universitetlərdə təhsil almağı hədəf seçirlər.

Ən etibarlı reytinq isə Böyük Britaniyanın "Times Higher Education" jurnalı və "Thomson Reuters" agentliyinin hazırladığı cədvəl hesab olunur. Bu agentliyin reytinqinin hazırlanması zamanı həmin universitetlərdə təhsilin qiyməti, internetə çıxış imkanları, müasir avadanlıqlarla təchiz olunma səviyyəsi və s. meyarlar əsas götürülür.

Çinin Şanxay reytinq cədvəli də etibarlı mənbələrdən hesab olunur. 2019-cu il üzrə  dünyanın keyfiyyətli ali təhsil xidmətləri təqdim edən universitetlərinin reytinq cədvəlinə 17 ildir ki, fasiləsiz olaraq  Harvard Universiteti başçılıq edir.  Təəssüf ki,  Şanxay reytinq cədvəlinin ilk onluğunda  Azərbaycan universitetləri yer almayıb. Reytinqin ön sıralarında yer alan əsasən ABŞ və Böyük Britaniya universitetləridir: 1.Harvard Universiteti, 2. Stanford Universiteti, 3.Kembric Universiteti, 4. Massaçusets Texnologiya İnstitutu, 5. Kaliforniya Berkli Universiteti, 6. Prinston Universiteti, 7. Oksford Universiteti,   8. Kolumbiya Universiteti, 9. Kaliforniya Texnologiya İnstitutu, 10. Çikaqo Universiteti.  

“Quacquarelli Symonds” agentliyi dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinin 2019-cu il üzrə   ilk onluğunda da Azərbaycan universitetləri yer almayıb. “Quacquarelli Symonds” agentliyinin reytinq cədvəli müəyyənləşdirildiyi zaman ekspertlər təhsil müəssisələrini akademik göstəricilərinə, tələbələrin təhsil səviyyəsinə, işəgötürənlərin rəyinə və digər parametrlərə əsasən qiymətləndiriblər. “Quacquarelli Symonds” agentliyinin 2019-cu il universitetlərin reytinq cədvəlinin ilk onluğunda ABŞ, İsveçrə, Böyük Britaniya ali təhsil müəssisələridir. Bunlar Massaçuseç Texnoloji İnstitutu, Stenford Universiteti, Harvard Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Oksford Universiteti, Kembric Universiteti, İsveçrə Federal Texnologiya İnstitutu, London İmperial Kolleci, Çikaqo Universiteti, London Universiteti Kollecidir.  

Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Buraya universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması da daxildir.  

Bəs dünyanın ən yaxşı universitetləri arasında Azərbaycanın hansı ali məktəbləri yer alır? 

“Dünya universitetlərinin reytinq sıralamasında daxil olan Azərbaycan universitetləri elə yer alır ki, həmin  yerlər əhəmiyyətsiz anlam daşıyır”

Bu sözləri AzEdu.az-a təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

“Dünya universitetlərinin reytinq sıralamasında ölkəmizdən çox az ali təhsil müəssisəsi yer alır və ya almır. Bu reytinq sıralamasına daxil olan universitetlərimiz  elə yer alır ki, olduqca əhəmiyyətsiz  anlam daşıyır. Dünya universitetlərinin reytinq sıralamasına əsasən, Xəzər Universiteti, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universiteti düşə bilir. 2019-cu ilin aprel ayında “Times Higher Education” tərəfindən açıqlanan reytinq sıralamasında, təəssüf ki, Azərbaycandan cəmi 1 ali təhsil müəssisəsi yer ala bildi. Həmin ali təhsil müəssisəsi Xəzər Universitetidir. Yaxın vaxtlarda isə yeni reytinq sırlamasında ölkəmizdən 5 ali təhsil müəssisəsi yer aldı. Amma hansı yerləri tutduqlarını açıqlamıram. Çünki açıqlasam biabırçılıq olar”.

Elçin Əfəndi dünya universitetlərinin reytinq sıralamasında yer alan Azərbaycan ali təhsil müəssisələrinin biabırçı yerlərdə olmasını vurğulayıb. O, dünya universitetlərinin reytinq cədvəlində Azərbaycan ali təhsil müəssisələrinin ön sıralarda olması üçün tövsiyələrini də bildirib:

“Fikrimcə, dünyanın nüfuzlu universitetləri ilə rəqabət aparmaq və reytinq sıralamasında biabırçı yerlərdə  olmamaq üçün  aşağıdakıları etməliyik:

Təhsilin keyfiyyətini artırmaq üçün müvafiq islahatlar aparılmalıdır;

Tələbələr üçün ideal təcrübə mərkəzləri olmalıdır;

İnformasiya ilə daha zəngin yeni nəsil müəllimlərinə üstünlük verilməlidir. Yəni universitetlərimizdə yaşlı nəslin nümayəndələri tədricən təqaüdə göndərilməli və gənc kadrlara, xüsusilə də xaricdə təhsil alanlara üstünlük verilməlidir;

İnformasiya texnologiyalarının bizə verdiyi geniş imkanlardan maksimum yararlanaraq, tələbələrimizin hər birinə dərsliklərin əlaçatanlığını təmin etməliyik;

Ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dünyada baş tutan bütün təhsil yönümlü elmi konfranslarda, beynəlxalq olimpiadalarda, tərəfdaşlıq proqramlarında, sərgilərdə və s. iştirak etməlidirlər;

Hər bir ali təhsil müəssisəsinin öz kampusu, yataqxanası, kitabxanası olmalıdır;

Ali təhsil müəssisələrinin rəhbərləri islahatçı olmalıdır;

Ali təhsil müəssisələrində elmi dərəcələri olan çoxsaylı kontingent olmalıdır;

 Hər bir ali təhsil müəssisəsinin peşəkar SMM-i olmalıdır.

Xarici ölkə vətəndaşlarının ölkəmizdə ali təhsil alması əlaçatan olmalı və bu  istiqamətdə təkcə Dövlət İmtahan Mərkəzi deyil, ali təhsil müəssisələri də fəaliyyətlərini tənzimləməlidir. Bütün bu sadaladıqlarım reytinq zamanı əsas diqqətə alınan faktorlardır. Amma çox təəssüf ki, sadaladıqlarımın bir qismi tək-tük  Azərbaycan ali təhsil müəssisələrində mövcuddur. Bəzi ali təhsil müəssisələrinin rəhbərlərini isə ümumiyyətlə reytinq deyil, ancaq tələbənin verəcəyi məvacib və ya maddiyyat maraqlandırır”.  

Xaricdə təhsil üzrə ekspert Ayan Əliyeva dünyanın məşhur universitetlərinin reytinq cədvəli hazırlandığı zaman hansı göstəriciləri əsas götürülməsi məsələsinə toxunub:

“Dünyanın məşhur universitetlərinin  reytinq cədvəli  ali təhsil müəssisələrinin qlobal tədqiqat üsulu, dünya səviyyəli məqalələrin nəşrinə, çox istinad sayına görə müəyyən edilir. Həmçinin nüfuzlu şirkətlərdə çalışan  məzunların sayına görə də universitetlərin reytinq cədvəli müəyyənləşdirilir.  Onu da bildirim ki, universitetdə təhsil  alan PHD tələbələrin sayına görə də universitetlərin reytinqi qiymətləndirilr. Əlavə olaraq bildirim ki,  tələbələr elm sahəsində nələrisə kəşf edərsə təhsil aldığı universitetin reytinqinə də təsir göstərir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları