Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 09:15:30
Qaçqın və köçkünlərin təhsil haqqı məsələsi yenidən gündəmdə - Güzəşt ləğv edilsin...

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən məcburi köçkünlərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

1988-1992-ci illərdə anadan olan qaçqınlar da dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azaddırlar.

Bu qərarlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəzi mütəxəssislərin fikrincə, qaçqın və məcburi köçkünlərin təhsil haqqından azad edilməsi ünvanlı xarakter daşımalıdır. Yəni, təhsil haqqından, yalnız maddi durumu zəif olan qaçqın və məcburi köçkün ailələri azad edilməlidirlər.

Məsələ ilə bağlı AzEdu.az-a danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Asim Mollazadə məsələnin birmənalı qarşılanmamasından narazıdır:

“Təəssüf  ki,  məsələyə münasibət fərqlidir. Qaçqın və məcburi köçkünlər  öz torpaqlarına qayıtdıqdan sonra bu müzakirələrin  aradan qalxacağına ümid edirəm. Bu istiqamətdə işlər görməliyik. Onların öz torpaqlarına dönmələrini təmin etmək üçün hər birimiz çalışmalıyıq. O vaxta qədər də dövlət tərəfindən onlara qanunla nəzərdə tutulan müvafiq dəstək göstərilməlidir. Bu dəstək birmənalı şəkildə ünvansız olaraq həyata keçirilməlidir”.

Təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, keçmişlə müqayisədə qaçqınların və  məcburi köçkünlərin  sosial həyatlarında irəliləyişə doğru müəyyən dəyişikliklər baş verib:

“Sosial sahəyə büdcədən vəsait ayrılması artdıqca, nəinki qaçqın və məcburi köçkünlərin, hətta maddi imkanları məhdud digər sosial təbəqələrə məxsus olan ailələr üçün də müəyyən güzəştlər edilməsi sosial  siyasətimizə bir töhfə olardı. Maddi durumu yaxşı olanların ödənişli əsaslarla təhsil alması düzgün addımdır. Ancaq onların “imkanlı” və  “imkansız”  kateqoriyalara ayrılması haqqında rəsmi bölgü yoxdur. Bunun üçün gərək, imkanlı və imkansızların kvalifikasiyası müəyyənləşdirilsin, onlara fərqli statuslar verilsin.  Bu statuslara əsasən, belə bir fərqli yanaşma tətbiq oluna bilər. Məsələn, təhsil bu  kateqoriya üçün ödənişli, bu kateqoriya üçün isə ödənişsizdir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları