Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-03 10:17:00
Komissiya sədri: “Ötən illərlə müqayisədə namizədlərin hazırlıq səviyyəsi yüksəkdir” - REPORTAJ

2 sentyabrda müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilib. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə baş tutub.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

AzEdu.az olaraq, müsahibə mərhəsləində iştirak edib, namizədlərin və komissiya üzvlərinin təəssüratlarını öyrəndik.

Azərbaycan Dillər Universitetinin məzunu Həcər Rəhimli müsahibədən uğurla keçdiyini düşünür:

“İngilis dili fənni üzrə müsabiqədə iştirak edirəm. Test imtahanında 41.5 bal toplayıb Lənkəran rayonu Ələzəpin kənd tam orta məktəbinə işə qəbul oldum.

Müsahibədə ümumi dünyagörüşü, ölkəmiz və ixtisasımızla bağlı müəllim olmaq istəyən hər kəsin cavablandıra biləcəyi suallar verildi. Həyəcanı çıxmaq şərti ilə hər şey qaydasında keçdi. Müsabiqəyə hazırlıq üçün 4 ay kursa getdiyim üçün daha yaxşı nəticə gözləsəm də, nəticəmlə barışmalı oldum. Müsahibə mərhələsindən isə uğurla keçdiyimi düşünürəm”.

Digər həmsöhbətimiz Arzu Abdullayeva müqaviləli əsaslarla işlədiyi Bakı şəhəri 36 nömrəli tam orta məktəbdə artıq daimi əsaslarla müəllim işləyir:

“Azərbaycan Dövlət Pedoqoji Kollecinin məzunuyam, informatika müəllimiyəm. İstər test imtahanı, istərsə də müsahibə mərhələsi tam şəffaf həyata keçirildi.

Öz üzərimdə çalışaraq imtahanda 48 bal topladım. Biliyimə uyğun nəticə göstərdiyimə inanıram. Eynilə test imtahanında olduğu kimi, müsahibə də yüksək səviyyədə keçirildi. Komissiya üzvləri namizədləri səmimi qarşılayırdı. Vakansiya seçimində Bakı şəhəri 36 saylı tam orta məktəbə işə qəbul oldum.

Bundan əvvəl müddətli müqavilə ilə elə Bakı şəhəri 36 saylı məktəbdə müəllim işləyirdim”.

Sonuncu həmsöhbətimiz Elnur Hacıyev isə müəllimlərin işə qəbulu müsabiqəsində 53 bal toplayıb. O bildirir ki, müsabiqədə iştirak üçün xüsusi hazırlığa getməyib:

“Müsabiqədə tarix fənni üzrə iştirak edirəm. Test imtahanında 53 bal topladıqdan sonra vakansiya seçimi mərhələsində Qəbələ rayonu Tikanlı kənd tam orta məktəbində işə qəbul olundum. Müsahibə mərhələsindən də uğurla keçdiyimə inanıram.

3 ildir müddətli müqavilə əsasında Tikanlı kənd tam orta məktəbdə tarix müəllimi işləyirdim, müəllimlərin işə qəbulu müsabiqəsində ilk dəfədir ki, iştirak edirəm”.

Müsahibə mərhələsində komissiya üzvləri

Namizədlərlə söhbəti yekunlaşdırıb komissiya üzvlərinin də müsahibə ilə bağlı təəssüratlarını öyrəndik.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimə dəstək mərkəzinin psixoloji xidmətin təşkili üzrə metodisti Səidə Əhmədova namziədlərin əvvəlki illərlə müqayisədə daha hazırlıqlı olduğunu    qeyd edib. O bildiirb ki, namizədlər 3 meyar üzrə qiymətləndirilir: 

“Onların peşəkar kompetensiyaları, psixoloji hazırlıqları, ümumi dünyagörüşləri yoxlanılır.

Əlavə yerləşdirmədəki namizədlər I müsahibədəkinə nisbətən zəif olsalar da, əvvəlki illərlə müqayisədə daha yaxşıdır. Bu gün namizədlərdən biri istər dünyagörüşü, istərsə də ixtisası baxımından bütün suallara cavab verdilər”.

Namizədlərə psixoloq məsləhəti

Səidə Əhmədova: “Psixoloq kimi namizədlərə ilk tövsiyəm həyəcanı aradan qaldırmalarıdır.  Onları sakitləşdirmək üçün ilk olaraq su təklif edib, havadan-sudan danışırıq. Qəşəng adın var, gözəl görünüşün var kimi ifadələrlə həyəcanlarını aradan qaldırmağa çalışırıq. Yalnız bundan sonra namizədlər suallarımıza rahat cavab verə bilirlər.

Əlavə yerləşdirmədə olmasa da birinci müsahibə mərhələsində namizədlərdən biri müsahibədən keçə bilmədi. Həmin namizədin peşəkar kompetensiya və dünyagörüşü səviyyəsi normal olsa da, həyəcanına görə ümumiyyətlə danışa bilmədi. O, bir müəllim kimi sinfə daxil olmağa hazır deyildi. Tamamilə cavab verə bilməyən namizədi müsahibədən keçirə bilməzdik”.

Təhsil Nazirliyinin nümayəndəsi, müəllimlərin işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində komissiya sədri Elçin Kərimov Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu bildirir:

“Müsabiqə ilə bağlı ümumi təşkilati məsələlər yüksək səviyyədə həyata keçirilib. Namizədlərin əksəriyyətinin müsahibəyə hazırlıqlı gəlməsi sevindirici haldır.  Onlara peşəkarlıq kompetensiyaları, dünyagörüşü və psixoloji durumları ilə bağlı verilən suallara böyük əksəriyyəti qaneedici cavablar verdi. Ümumiyyətlə ötən illərlə müqayisədə namizədlərin hazırlıq səviyyəsi qat-qat yüksəkdir”.