Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-09 10:39:00
MİQ üzrə müsabiqənin tarix fənni üzrə ən güclüsü – “Təhsildəki son islahatlar məni daha da həvəsləndirdi”

“Hesab edirəm ki, hər bir müəllimin idareətmə bacarığı olmalıdır: uşaqları psixologiyasına uyğun olaraq idarə etmək də vacib şərtlərdəndir. Bütün bunlarla bərabər isə, müəllim hər zaman düzgün qərar verməyi bacarmalı və şagirdlərə qərəzsiz yanaşmalıdır”

Bu sözlər müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində tarix fənni üzrə respublikada ən yüksək nəticə göstərən -58 bal- Nərmin Ənvərliyə məxsusdur.

Nərmin Ənvərli iyulun 8-də keçirilən test imtahanından uğurla keçərək, 58 bal toplayıb. O, 2013-2017-ci illərdə Gəncə Dövlət Universitetinin tarix müəllimliyi ixtisası üzrə bakalavriatura, 2017-2019-cu illərdə isə həmin universitetin Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

Nərmin Ənvərli orta təhsilini Şəmkir rayon Zəyəm-Cırdaxan kənd 2 saylı kənd tam orta məktəbində alıb. Məktəb vaxtından tarix fənninə həvəsi olan Nərmin elə buna görə bakalavriaturanı da, magistraturanı da tarix üzrə oxuyub.

AzEdu.az gənc müəllimin müsabiqə barəsində təəssüratlarını təqdim edir:

-İlk dəfə müəllimlərin işə qəbulu müsabiqəsinə qatılırdım. Həyəcanlı idim, özümə çox güvənmirdim deyə, bu nəticəni də gözləmirdim. Ümumilikdə, sualların çətinlik səviyyəsi də normal olsa da, digər fənlərə və əvvəlki illərə nisbətən kurikulumdan təqdim edilən test nümunələri daha çətin idi. Bu da, təbiidir. Ümumilikdə isə həm asan, həm də çətin tipli testlər tərtib olunmuşdu.

Təhsil Nazirliyinin son illərdə keçirdiyi islahatları yüksək qiymətləndirirəm. Açığı deyim ki, görülən işlər, müşahidə etdiyim inkişaf məni imtahana daha səylə hazırlaşamağa həvəsləndirirdi. Qismət olarsa, Bakı məktəblərindən birini seçmək istəyirəm, çünki ailə quracağam və ailə vəziyyətimlə bağlı Bakıda qalmağı planlaşdırıram”.

“Peşəkar müəllim sinfi idarə etməyi bacarmalıdır”

“Bu vaxta qədər, təbii ki, təhsilimlə əlaqədar olaraq iş təcrübəm olmayıb. Bu, ilk işim olacaq deyə, mənimçün olduqca məsuliyyətlidir. Öhdəsindən gəlmək üçün çalışacağam və inanıram ki, hər şey yaxşı olacaq. Mənə görə, peşəkar müəllim olmaq üçün ixtisası yaxşı bilməklə yanaşı, dərsə yaradıcı yanaşmaq da vacibdir. Həm də müəllimin idareetmə bacarığı olmalıdır: sinfi psixoloji olaraq idarə etmək də vacib şərtlərdəndir. Bütün bunlarla bərabər isə, hər şeydən əvvəl müəllim düzgün qərar verməyi bacarmalı və şagirdlərə qərəzsiz yanaşmalıdır”, - deyə gənc müəllim əlavə edir.

Qeyd edək ki, iyulun 8-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib. İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak ediblər.