Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-13 21:40:00
Bakı şəhərindəki 23 saylı məktəblə Kəlbəcər məktəbi arasında əməkdaşlıq

Bakı şəhərindəki 23 saylı tam orta məktəblə Gəncə şəhərində yerləşən Kəlbəcər rayonunun 69 saylı tam orta məktəbi arasında dostluq əlaqələsi qurulub.  Bu münasibətlə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Bakı şəhəri 23 saylı tam orta məktəbin təmsilçiləri və Kəlbəcər rayon 69 saylı tam orta məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.

 

AzEdu.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı işğal olunmuş rayonların məktəbləri ilə Bakı məktəbləri arasında əlaqələrin yaradılmasının Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə reallaşdırılan “Salam Qarabağ” layihəsi əsasında həyata keçirildiyini bildirib.

 

Qeyd edilib ki, layihənin məqsədi məcburi köçkün məktəblərlə Bakı şəhərində fəaliyyət göstərən məktəblərin əlaqələrini intensivləşdirmək, məktəblər arasında müəllim və şagird mübadiləsinə nail olmaq, həmçinin yüksək tədris göstəricilərinə malik məktəblərin təcrübəsini bölgə məktəbləri arasında yaymaqdır.

 

Azərbaycanda təhsilin və elmin inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərildiyini deyən M. İbrahimqızı Kəlbəcər rayon 69 saylı tam orta məktəblə Bakı şəhəri 23 saylı tam orta məktəb arasındakı əlaqələrin gələcəkdə rayon məktəblilərinin inkişafına böyük təsiri olacağını deyib.

 

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov bildirib ki, 1993-cü ildə rayonun ərazisi Ermənistan qoşunları tərəfindən işğal edildikdən sonra bütün kəlbəcərlilər kimi rayonun pedaqoji kollektivi də böyük problemlər yaşayıb. İşğalın ilk illərində daha çox yataqxanalarda, pansionatlarda, uyğunsuz binalarda, vaqonlarda və çadır şəhərçiklərində yaşayan kəlbəcərli ailələrin övladları elə ilk təhsillərini də həmin yerlərdə alıblar.

 

İlk dəfə olaraq ümummilli lider Heydər Əliyev tərəfindən bütün qaçqın və məcburi köçkünlər kimi kəlbəcərlilərin də ağır həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb.

 

Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Aqil Məmmədov qeyd edib ki, 2014-cü ildə Gəncə şəhərində yaşayan, Kəlbəcərdən olan 1500 ailə üçün yeni qəsəbə salınıb. Qəsəbə sakinləri burada yeni mənzillərlə təmin olunmaqla yanaşı, onlar üçün bir sira sosial və mədəniyyət obyektləri, eləcə də müasir məktəb binası istifadəyə verilib.

 

Aqil Məmmədov diqqətə çatdırıb ki, 69 saylı tam orta məktəb rayonun zəngin ənənəyə malik təhsil ocaqlarından biri olsa da, Kəlbəcər işğal edildikdən sonra bu məktəbin kollektivi fin tipli evlərdə pedaqoji fəaliyyətlə məşğul olub. Sonrakı illərdə Gəncə şəhərində məktəb üçün bir neçə sinif otağı tikilib. Hazırda məktəbdə 239 şagird təhsil alır. 2016-cı ildə məktəbi 6 nəfər, 2017-ci ildə isə 8 nəfər bitirib və məzunların hamısı respublikanın müxtəlif ali məktəblərinə daxil olublar. Bu il isə məktəbi bitirən 10 məzundan 8 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında 500 və 600 baldan yüksək nəticə göstərərək müxtəlif universitetlərə qəbul olublar.

 

Tədbirdə çıxış edən Bakı şəhəri 23 saylı tam orta məktəbin direktor müavini Firuzə Abdullayeva məktəbin zəngin pedaqoji ənənələrindən və uğurlarından danışıb. Bildirilib ki, Bakı şəhəri 23 nömrəli tam orta məktəb, ilk növbədə, peşəsinə vurğun pedaqoji kollektivi və böyük uğurlar qazanmış məzunları ilə seçilir. Məhz bu amil məktəbin təhsil konsepsiyasında uğura nail olmasına imkan yaradıb. Təsadüfi deyil ki, bu məktəb təlim-tərbiyə prosesində həmişə qabaqcıllar sırasında olub, kreativ ideyaların və təşəbbüslərin reallaşmasında hər zaman mühüm rol oynayıb. Dünya Təhsil İttifaqının Azərbaycanın Təhsil Nazirliyi ilə birgə beynəlxalq aləmdə savadsızlığın ləğvinə həsr edilmiş “Kitabların açılması qapıların açılması deməkdir” devizi altında keçirdiyi tədbir də məhz 23 nömrəli məktəbdə reallaşıb. Məktəb 1899-cu ildən fəaliyyət göstərir.

 

Firuzə Abdullayeva gələcəkdə hər iki məktəb arasında reallaşdırılması nəzərdə tutulan bir sıra layihələrdən də danışıb.

 

Sonra qonaqlar Kəlbəcər rayon 69 saylı tam orta məktəbin sinif otaqlarını gəzib, buradakı tədris mühiti ilə yaxından tanış olublar.

 

Sonda Bakı şəhəri 23 saylı orta məktəbin müəllim və şagird kollektivinin hədiyyəsi olan bir dəst kompüter, müxtəlif tədris vasitələri və klassik yazarların əsərlərindən ibarət kitablar Kəlbəcər rayon 69 saylı tam orta məktəbin kollektivinə təqdim edilib.