Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-06 13:17:00
"Sərbəst internetə giriş problem yarada bilər"-Qubad İbadoğluya cavab

“İqtisadçı alim Qubad İbadoğlunun təklifləri olduqca maraqlı və cəlbedicidir. Baxmayaraq ki, ölkədə bu sahədə işlər görülür. Amma real vəziyyət o qədər də ürək açan deyil”.

Bunu AzEdu.az-a təhsil eksperti Kamran Əsədov  İqtisadçı alim Qubad İbadoğlunun Təhsil Nazirliyinə 3 təklifini şərh edərkən deyib.

Ekspert deyib ki, təhsil haqqında qanuna edilmiş dəyişikliyə görə, respublika fənn olimpiadalarının qalibləri iştirak etdikləri ixtisaslar üzrə müsabiqədən kənar ali məktəblərə qəbul edilirlər:

“Bundan başqa fənn olimpiadası haqqında əsasnaməyə görə, fənn olimpiadasının qalibləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən müəyyən olunmuş qaydada təltif edilirlər. Olimpiada qaliblərinə pul mükafatı və (və ya) hədiyyələr təqdim oluna bilər. Olimpiadada fərqlənmiş tələbələrə ali təhsil müəssisələrinin, digər nazirlik və təşkilatların mükafatları və hədiyyələri də verilə bilər. Bu hədiyyələrin içərisində hər il bahalı kompüter və digər qiymətli əşyalar olur.

Qeyd edim ki, fənn olimpiadaları  istedadlı uşaqlarla iş şöbəsi ölkəmizdə istedadlı uşaqların aşkarlanması onların qabiyyətlərinin inkişafı istiqamətində mühüm işdir”.

Müsahibimiz bildirib ki, iqtisadçının ikinci təklifindəki orta məktəblərin “wi fi” ilə  təmin edilməsi fikri  yaxşıdır:

“Amma orta məktəblərin hamısı dövlət tərəfindən internetlə təmin olunub. Ayrıca olaraq, sərbəst internetə giriş problem yarada bilər.  4472 orta məktəbin hər birində internet mövcuddur  və məktəblərdəki kompüterlərin hamısının internetə çıxışı var. Ancaq bütün məktəblərdəki əsas problem kompüterlərin vəziyyəti və internetin sürətidir. Əgər bütün məktəblərə azad internet quraşdırılsa, şagirdlərin başı burda vaxt keçirməyə qarışar.

Hazırda ev tapşırıqlarının onlayn bazası demək olar ki, fərqli formada mövcuddur. Belə ki, e-dərslik, e-test portaları və digər portallar bu funksiyanı yerinə yetirsə də, bundan 1.6 milyon şagirdimizin cəmi 100 mini ümumiyyətlə istifadə edir. Bu gün bizim nəinki şagirdlərimiz, hətta informatika fənnini tədris edən müəllimlərimiz arasında kompüter proqramlaşdırmasını və bununla bağlı sahələri bilməyən müəllimlər var. Ona görə də bahalı, müasir avadanlıqları verəndə ondan istifadə edən olmayacaq”.

K.Əsədov deyib ki, təkliflər olunan  məsələlər orta məktəblərdə zəif də olsa, mövcuddur:

“Digər bir məsələ isə, xaricdə təhsil alanlara bağlıdır.  Xatırladım ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dövlət büdcəsi hesabına təhsil alan 4 minə yaxın gəncə bu illər ərzində 90 milyon manatdan çox vəsait ayrılıb. Əlbəttə, bu rəqəm bəzi ölkələr üzrə yetərli olmaya bilər.Ümumilikdə bu məsələdə də dövlət fəaliyyət göstərir. Dünya reytinqində ilk 100-lükdə olan universitetlərdə təhsil alan Azərbaycanlı tələbələr azdır. Hesab edirəm ki, bu siyahını 500-ə qədər təhsil alanlara təklif etmək daha effektiv olar”.