Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 10:24:00
“Mən iki dəfə Nobel mükafatına elmi iş  göndərmişəm, amma bizim akademiklər...” - Sərdar Cəlaloğlu

“Son vaxtlar Azərbaycan elmində tənəzzül müşahidə edilir. Elmi işlərə diqqət ayrılmır, istedadlı insanlar ölkəni tərk edir”.

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AzEdu.az-a açıqlamasında deyib. Partiya sədri bildirib ki, məhz bu səbəbdən, Azərbaycanda Nobel mükafatına layiq kəşflər edilə bilmir:

“Həm də bu kəşfləri edə bilən alimlər meydana çıxmır. Keçən il Nobel mükafatı qazanan fiziki  kəşfə üst-üstə bir milyard  dollar pul  ayrılmışdı: iki dövlətdən ayrılan yarım milyard və həmin dövlətlərin alimlərinin birgə çalışması. Azərbaycanda isə bütünlükdə  elmin inkişafına 2-3 milyon pul ayrılır.  Sizcə, Nobelə layiq kəşf üçün bir  milyard lazım olduğu halda, dövlət büdcəsindən elmə ayrılan vəsait necə bir elmi nailiyyətin ortaya çıxmağına imkan verə bilər?

Digər tərəfdən pul sərf etmədən nəzəri əsərlərin mövcudluğu  mümkündür. Məsələn, mən iki dəfə Nobel mükafatına elmi iş  göndərmişəm. Nobel Komitəsinin əsasnaməsinə görə, həmin işlər gərək praktikada sübut edilsin. Ya mən verdiyim nəzəriyyəni praktikada sübut edən elmi tədqiqatlar aparmalıyam, ya da hansısa başqa alim həmin nəzəriyyə əsasında bunu doğrultmalıdır. Yalnız o zaman Nobel mükafatı verilə bilər. Nəzəri işlərə uzun müddət vaxt və külli miqdarda vəsait tələb olunur”.

S.Cəlaloğlu qeyd edib ki, Azərbaycan dövlətinin elmə münasibəti, o cümlədən elmə ayrılan vəsaitlər ciddi fundamental elmi kəşflər etməyə imkan vermir:

“Dediyim kimi hazırda ölkədə beyin axını var. İnsanlar ağır iqtisadi-sosial şərtlərə görə, ölkəni tərk edirlər. Onların arasında çoxlu sayda  alimlər mövcuddur.  Bu gün Şimali Kiprdə, Türkiyədə, Rusiyada, dünyanın bir çox ölkələrində  kifayət qədər azərbaycanlı  alimlər fəaliyyət göstərir. Onlar ölkədə  qalsaydı  və şərait yaradılsaydı, əlbəttə, Azərbaycanda ciddi elmi nailiyyətlər əldə etmək mümkün olardı”.

Müsahibimiz həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının  bu istiqamətdəki məsuliyyətindən də söz açıb:

“Sovetlərdə xüsusi mülkiyyət olmadığına görə,  mərkəzləşdirilmiş elm ocağına ehtiyac var idi ki, SSRİ müəssisələrinin elmə olan tələbatı ödənilsin. Lakin indi dünyada   hər bir biznesmen öz sahəsində elmi laboratoriya yaradır.  Məsələn, NASA özü elmi-texniki bir təşkilatdır və burda nəhəng kəşflər edilir.

Kim ölkədə elm inkişafın güclü olduğunu deyirsə,  o adam müasir  elmin nə olduğunu bilmir. Müasir elm həddindən artıq yüksək maliyyə tələb edir”.