Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-22 16:00:00
“Müsahibə mərhələsinin proqramı əvvəlcədən ictimaiyyətə açıqlanmalıdır” – MİQ-lə bağlı unikal təklif

 

“MİQ-in bir unikal mexanizmini fikirləşmək lazımdır. Nazirlik təhsil ekspertləri ilə elə bir sistem qurmalıdır ki, imtahan verən müəllim öz imtahan prosesi ilə bağlı bütün suallara cavab tapsın”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti İlkin Həsənov deyib. O, MİQ imtahanında iştirak edən namizədlərin şikayətləndiyi əsas məsələləri diqqətə çatdırıb:

“MİQ imtahanı haqda müəllimlərin iradı əsasən, vakansiyaların az olması ilə bağlı idi. Xüsusilə də şəhər mərkəzində olan məktəblərdə vakansiya çox az ayrılmışdı. Əvvəl ikinci turla bağlı şikayətlər də olurdu. Sonradan İnsan Resursları Mərkəzi II turla bağlı dəyişikliklər etdi.

Sualların imtahandan çıxan namizədlər tərəfindən açıqlanması ilə bağlı narahatlıq da oldu. Bəzi müəllimlər daha tez imtahan verənlərdən cavabları öyrənir, yüksək bal toplayırdılar”.  

Onun sözlərinə görə, metodika sualları müəllimin kurikulum  bacarıqlarını  yoxlamaq üçün kifayət qədər deyil. Həmin  suallara cavab vermək üçün kurikulumu əzbərləmək lazımdır. Verilən suallar müəllimin bacarığından çox, kurikulum haqqındakı biliklərini aşkar edir:

“Ümumiyyətlə, məncə, nazirlik MİQ-imtahanlarının I və II mərhələsi ilə bağlı müəyyən dəyişikliklər etməlidir. Müəllimin daha çox bacarığını yoxlayacaq mexanizmlərdən istifadə olunmalıdır.

MİQ-in bir unikal mexanizmini fikirləşmək lazımdır. Nazirlik təhsil ekspertləri ilə elə bir sistem qurmalıdır ki, imtahan verən müəllim öz imtahan prosesi ilə bağlı bütün suallara cavab tapsın. Düzdür, bu imtahanlar şəffafdır, amma müəllimlərin hələ də bəzi sualları var. O suallara cavab verəcək elə mexanizmi tapmaq lazımdır ki, nəticəsi müəllimə detallı şəkildə göndərilsin. Müəllim bilməlidir ki, harda nəyi niyə yazıb və səhvi haradadır. Sualların xarakterində ciddi dəyişiklik edilməlidir. Bütün suallar əsasən, faktoloji biliyi yoxlayır. Keyfiyyətli müəllim işə götürmək istəyiriksə, suallar daha çox konteksual və prosedual olmalıdır, nəinki faktoloji”.

Ekspert müsahibə proqramının öncədən elan olunmasını da təklif edib:

“İldən-ilə proses inkişafa doğru gedir. Təbii ki, savadın varsa, müəyyən bal toplayacaqsan. Bununla bağlı problem olmamalıdır. Amma yaxşı olardı ki, proqram öncədən müəyyən olunsun. Kurikulumla bağlı müəyyən proqram olmalıdır. Müsahibə mərhələsi ilə bağlı proqram ictimaiyyətə elan olunsa, yaxşı olar. Müsahibədə hansı tip suallar, mövzular düşdüyü bəlli olmalıdır ki, namizədlər  özlərini bu istiqamətdə inkişaf etinlər.

Qeyd edək ki, MİQ imtahanlarının ikinci mərhələsinin nəticələri dünən axşam saatlarında məlum oldu. 3627 müəllimbu mərhələni uğurla adlamağı bacarıb.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları