XƏBƏRLƏR

12.07.2019 15:03
“Bu məktəblərdə oxuyacaq hər kəs işlə təmin olunacaq, lakin…” - Uğurlu  metod  

Hilton Hotel-də “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində görülən işlərə və əldə olunan nailiyyətlərə həsr olunmuş konfrans keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirin məqsədi PTT sahəsində fəaliyyət göstərən maraqlı tərəfləri ED VET layihəsinin duala bənzər PTT yanaşmasının tətbiqi üzrə əldə etdiyi nəticələr, qazanılan təcrübələr və öyrənilən dərslər barədə məlumat vermək, eləcə də vacib tərəfdaşların layihənin icrasını davamlı dəstəklərini təmin edilməsini  edilməsini müzakirə etməkdir. 

“Təcrübəçi tələbələri daim diqqətdə saxlayırıq”

Şamlı Aqrotexservis MMC-nin direktoru Mətləb Süleymanov tələblərin işlə təminatı üçün digər sahibkarlarla da əməkdaşlıq edir:

“Tələbələr bizim müəssisələrdə kənd təsərrüfatı və texnika ilə bağlı təcrübə keçirlər. Bəzən kiçik problemlər yaşansa, ümumilikdə, da peşə təhsili müəssisələri ilə münasibətimiz yaxşıdır.

Bu gün Azərbaycanda daha çox rus texnikasından istifadə edilir. Uşaqlar isə dərsləri alman texnikası üzərində öyrəndikləri üçün bəzən anlaşılmazlıq yaransa da bunu öz aramızda həll edirik.

Təcrübəçi tələbələri daim diqqətdə saxlayırıq. İxtisasını daha çox sevib, həvəsli olanları seçərək, onları  işlə təmin etməyə çalışırıq. Bunun üçün digər sahibkarlarla əməkdaşlıq edirik. Bizdə iş yeri olmadıqda isə tələbələri digər müəssisələrə yönləndiririk

Peşə təhsili sahəsində təxminən, 20 illik boşluq var idi. Son bir neçə ildəki inkişaf özünü göstərir. Bir növ, yeni yaranan sahə hesab edilir”.

  “Tələbələrin dərsi daha çox təcrübədə  öyrənməsi həm onların ixtisaslarına olan marağına, həm də peşə təhsilinin mövcud imicinə müsbət təsir edəcək”

Duala bənzər PTT layihəsinin pilot məktəblərindən İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov layihənin tətbiqi ilə bağlı məlumat verib :

 “Dual təhsil sisteminə öncə “üzümçülük” ixtisası ilə başladıq. Hazırda bunu  turizm qruplarına tətbiq edirik.

Layihənin  tətbiqinə yeni başlayanda müəyyən  çətinliklər yaşasaq da, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə öhdəsindən gələ bildik. Xüsusilə, dərsliklərlə bağlı problem yaşayırdıq: Bəzən proqramla praktiki dərslər arasında uyğunsuzluq yaranırdı. Məsələn, üzümün budanması, dərmanlanması və s. kimi praktik dərslərlə nəzəri proqram üst-üstə düşmürdü. Belə hallarda, praktik dərsləri “güzəştə gedib”, nəzəri dərslər əvəz edirdik.

Layihənin tətbiqində  Alman Əməkdaşlıq Cəmiyyətinin böyük dəstəyi oldu. Tələbələrin sahələrə gətirilməsində, qidalanmasında və s. kimi işlərdə köməklik göstərdilər.  Tələbələrin dərsi daha çox təcrübədə  öyrənməsi həm onların ixtisaslarına olan marağına, həm də peşə təhsilini mövcud imicinə müsbət təsir edəcək.

Dual təhsil sistemi müəyyən mexanizmi hərəkətə keçirəcək təkan rolunu oynadı.  Hər bir layihənin keyfiyyəti onun davamlılığı ilə ölçülür. Biz dualla sanki bir məktəb keçdik. Bu layihənin davamlılığına, onun əsasında gələcəkdə də yeni məktəblərin yaranacağına inanıram”.

“Biz hər bir tələbəni işlə təmin etmək istəyirik. Lakin...”

“Chenot Palace” Hotel İR direktoru Ülviyyə Qasımzadə isə  tələbələrin işlə təminatında rastlaşdığı çətinliklərdən danışdı:

“Daim peşə təhsil müəssisələrinin yanında olmağa çalışsaq da,  bu istiqamətdə köməyə ehtiyacımız var.  Biz hər bir tələbəni işlə təmin etmək istəyirik. Lakin işə götürülən zaman onların bir çox kriteriyaları, xüsusilə də dil bilikləri nəzərə alınır. Çox olub: iş üçün müraciət edən tələbə, ixtisası ilə bağlı çox şeyi mükəmməl bilsə də, dil bilgisi olmadığı üçün işə götürülməyib.

Eyni zamanda,  tələbələrlə məşğul  olan müəllimlərin işə götürənlərlə əlaqədə olmalarına ehtiyac var. Bu zaman müəllimlər işə götürənlərin tələblərini bilib, kadr hazırlığını bu tələblər istiqamətində təşkil edər.

Bundan  əlavə, biz otellərimizdə tələbələrlə bağlı işin yekun blankları da hazırlayırıq. Burada onların praktiki dərs fəaliyyəti, nailiyyətləri və s. öz əksini tapır.  Beləcə, onların oteldə hansı bilikləri əldə etdikləri ilə bağlı müəyyən fikir sahibi ola bilirik”.

“Universitetə qəbul ola bilməyənlər diplom xətrinə peşə təhsili alırdılar”.

Sonda “Gilan” Holding  HR direktor Emil Hüseynov peşə təhsilində görülən işlərdən danışdı:


Mən müsbət aspektdə danışmaq istərdim. 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi yaranan zaman qarşılıqlı memorandum imzaladıq. Peşə  təhsili son 3 ilə kimi çox aşağı səviyyədə idi. Hər kəs ya universitet, ya da kolleclərdə oxumaq istəyirdi. İmtahanda az bal toplayanlar isə, sırf diplom xətrinə peşə təhsili alırdılar. Bu da işini sevməyən yararsız kadrların yetişməsinə gətirib çıxarırdı. Artıq vəziyyət yaxşıya doğru gedir. Bu sahədə hiss olunacaq dərəcədə inkişaf özünü göstərir.

Peşə təhsilinin dünyada mühüm imici var. Biz bu imici ölkəmizdə də yüksəltməyin arzusundayıq”. 

Rəna NƏBİ

İlin gənc müəllimi-Müraciət formu