Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-14 13:50:00
Dəniz Akademiyası ilə bağlı ən çox verilən suallar – Qəbul qaydaları, xüsusi tələblər

Bakıda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsindən biri Azərbaycan Dövlət Dəniz Akademiyasıdır.

AzEdu.az ali təhsil müəssisəsinin fəaliyyəti və Akademiyaya qəbul qaydaları barədə yazını təqdim edir:

Dəniz Akademiyası Azərbaycanda dənizçi kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsidir.

Akademiyanın “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Dəniz  naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq etdikdən sonra  Azərbaycan Dövlət Dəniz Akademiyasında xüsusi tibbi müayinədən keçməlidirlər. 

Akademiyaya  qəbul  olunan  hər abituriyent aşağıda qeyd olunan sənədləri ("DIM"-ə) təqdim etməklə qeydiyyatdan keçməlidir: 

Tam orta təhsil haqqında sənəd  (attestat  -  əsli və surəti).

Şəxsiyyət vəsiqəsi (əsli və surəti);

6 ədəd rəngli fotoşəkil (3x4);

Çagırış məntəqəsinə təhkim olunma haqqında sənəd (əsli və surəti);

Sağlamlıq haqqında arayış (forma 086) yalnız “Gəmiqayırma və gəmi təmiri”;

Ixtisasına daxil olanlar üçün;

Tərcümeyi-hal;

İş nömrəsi və şifri;

Məcburi köçkünlük vəsiqəsinin notarial təsdiqli surəti və əsli;

Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid və əlil olmuş şəxslərin övladları üçün bu barədə sənədlərin notarial təsdiqli surəti və əsli. 

Ödənişli əsaslarla qəbul olunan abituriyentlər I kursun təhsil haqqını tam  ödəməlidirlər. 

Əlavə  ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri  təqdim etməlidirlər:

Rektorun adına ərizə;

Ali təhsil haqqında sənədin, diplomun surəti (notarial qaydada təsdiq olunmuş) və qiymət kitabçasından çıxarışı (diploma əlavə)(saatların miqdarı göstərilməklə);

Əmək kitabçasının surəti;

3×4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;

Sağlamlıq haqqında arayış;

Şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş);

Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi. 

Hazırda ADDA-da 2 fakültə və 6 kafedra fəaliyyət göstərir. Akademiyada  1000-dən çox tələbə təhsil alır ki, onların da tədrisi, təlim-tərbiyəsi ilə 6 professor, 33 dosent, 37 baş müəllim və 24 assistent müəllim məşğul olur. Burada 4 ixtisas - "Dəniz naviqasiyası mühəndisliyi", "Gəmi energetik qurğularının istismarı mühəndisliyi", "Elektrik mühəndisliyi" , "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi" ixtisasları üzrə qəbul aparılır. 

Dəniz Akademiyasında təkcə ölkə gəncləri deyil, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Ukraynadan gələn tələbələr də təhsil alır. 

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssislər gəminin daxiliyanma mühərriklərinin və energetik qurğularının istismarı sahəsində çalışa bilərlər. Təhsil aldıqları dövrdə ali təhsil diplomu ilə yanaşı, işçi diplom və müvafiq sertifikatlar alırlar ki, bu da məzunlara Azərbaycanın və xarici ölkələrin gəmiçilik şirkətlərində gəmi mexaniki və ya növbətçi mexanik kimi işləməyə imkan verir. 

“Elektrik mühəndisliyi” ixtisasını bitirən tələbələr gəmilərdə elektrik mühəndisi kimi işləyə bilərlər. 

“Gəmi sürücülüyü” fakültəsi dənizçilik sahəsində bakalavriat, magistratura və doktorantura pillələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığını aparır: 

Bakalavriat pilləsi üzrə: 

Dəniz naviqasiyası mühəndisliyi;

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi;

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi. 

Magistratura pilləsi üzrə:

Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi;

Dəniz texnikası və texnologiyası mühəndisliyi. 

Doktorantura pilləsi üzrə:

Gəmiçilik və su nəqliyyatının istismarı;

Gəmiqayırma və gəmi təmiri texnologiyası. 

Fakültənin tərkibinə daxildir: 

“Dəniz naviqasiyası” kafedrası;

“Gəmiqayırma və gəmi təmiri” kafedrası;

“Hümanitar fənlər” kafedrası. 

“Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının məzunları istər Xəzər dənizində, istərsə də dünyanın bütün sularında üzən gəmilərdə kapitan köməkçisi və ya gəmi kapitanı vəzifələrində çalışa bilərlər. “Nəqliyyatda daşımaların təşkili və idarə edilməsi” ixtisasını bitirən məzunlar Bakı Beynəlxalq Dəniz Ticarət limanında, həmçinin dünyanın bir çox limanlarında, aparıcı beynəlxalq şirkətlərdə, nəqliyyat idarələrində, gəmiçilik şirkətlərində müxtəlif pilləli rəhbər vəzifələrdə, logistik, koordinator, menecer, operator, dispetçer, ekspeditor, stividor, sürveyer, agent və texnik kimi çalışa bilərlər. 

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssislər müxtəlif təyinatlı gəmilərin layihələndirilməsini, inşasını və onların təmirini həyata keçirirlər. Elmi-tədqiqat institutlarında, gəmiqayırma və gəmi təmiri müəssisələrində texnoloq, konstruktor, sex və şöbə rəisləri, elmi işçi kimi işləyə bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları