Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 11:25:00
“Müəllim adını uca tutmağı özümə borc bilirəm” - İnformatikadan yüksək bal toplayan müəllim

AzEdu.az müəllimlərin işə qəbulu üzrə builki müsabiqəsində informatika fənni üzrə 55 bal toplayaraq Bakı şəhəri 27 nömrəli tam orta məktəbə qəbul olmuş Elvin Səlimovun “uğur hekayəsi”ni təqdim edir:

Hələ uşaqlıq illərimdən İnformatika elminə xüsusi marağım vardı. Həmişə robotların hazırlanması, qlobal şəbəkələrin necə mövcud olması kimi mövzularda sənədli filmlərə böyük həvəslə baxırdım.

Bu sahəyə olan həvəs məni kömpüter elmləri üzrə ali təhsil almağa istiqamətləndirdi. Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin “kompüter elmləri” ixtisasına qəbul oldum. Ali təhsil aldıqdan sonra hərbi xidmətə yollandım. Məqsədim pedaqoji təhsil almaq idi. Hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində "İnformatika müəllimliyr i" üzrə təhsil aldım. 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə informatika fənni üzrə iştirak etdim və 55 bal toplayaraq Bakı şəhəri 27 nömrəli tam orta məktəbə qəbul oldum. İmtahanda yüksək nəticə göstərdiyimə görə Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransına dəvət olundum və təhsil naziri cənab Ceyhun Bayramovun imzası ilə təltifə layiq görüldüm. Təhsil nazirinin müavini cənab Firudin Qurbanovun təltifi təqdim edərkən keçirdiyim fərəh hisslərini sözlə ifadə etmək mümkün deyil.

Qəbul olunduğum Bakı şəhər Xətai rayonu 27 nömrəli tam orta məktəbin rəhbərliyi və kollektivi məni yüksək səviyyədə qarşıladı. Hazırda "Rəqəmsal bacarıqlar" layihəsində iştirak etdiyimə görə çox şadam. Bu layihə şagirdlərdə informatika fənninə böyük maraq artırır.

Düşünürəm ki, şagirdlərə fərdi yanaşmaq, onların hər birinin yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq pedaqoji prosesi təşkil etmək daha effektiv olur. Xüsusilə qeyd etməliyəm ki, həyatdakı uğurlarımı öz müəllimlərimə borcluyam. Məhz müəllimlərimiz sayəsində həyatda düzgün seçim etməyi, etdiyimiz seçimdə uğur qazanmağın yollarını öyrənmişik.

Müəllim adı uca addır, şərəfli addır. Bu ada layiq olmağı, uca tutmağı özümə borc bilirəm.