Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-26 16:17:21
Yaxın dostu intihar edən müəllimdən danışdı: “O, əvvəlki Şaiq deyildi,  hər şey alt-üst olmuşdu”    

“Bir nəfərin ölümünə səbəb olduğuna görə digər tərəf də məsuliyyətə cəlb olundu. Bunu aradan qaldırmaq üçün bir az  maddiyyat lazım idi. Hamı ona kömək etdi”. 

Bu sözləri AzEdu.az-a intihar edən gənc müəllim Şaiq Sadıqzadənin adını çəkilməsini istəməyən dostu onun haqda danışarkən deyib.

“O, əvvəlki Şaiq müəllim deyildi”

Onun sözlərinə görə, Şaiq müəllim avtomobil qəzası keçirmiş, bunun nəticəsində  qarşı tərəf rəhmətə getmişdi. Elə bu qəza onun həyatını birdən-birə dəyişib:

“Elə bu hadisədən sonra onda xeyli dəyişiklik baş vermişdi. Hadisədən əvvəl o, həyatda, ictimaiyyət arasında nəyisə müzakirə etməyi sevir, hər şeyin ədalətli olmasını istəyirdi. Hər şeyin ədalətli bölgü əsasında aparılmasını arzulayırdı.  Təhsilə xüsusi önəm verir, həmişə gənc müəllim kimi  fikirlərini bildirirdi. Hamı da onu dəstəkləyirdi. Onu özümə qardaş bilirdim...

Bəlli hadisədən sonra isə o, əvvəlki Şaiq müəllim deyildi. Qarışıq fikirlər ondan əl çəkmirdi. Bu problemi aradan qaldırmaq üçün ona dəstək olduq. Deyirdik ki, fikir etmə, şükür, sağ-salamatsan. Bunları dedikcə onda belə fikir yaranırdı: “Camaat mənə belə dəstək olursa, mən bunu necə doğruldacam? Bunu qəbul edə bilmirdi.

Şaiq müəllim son vaxtlar qapalı insan idi. Deyirdim ki, Şaiq müəllim bu hadisədən heç kim sığortalanmayıb. Bu, hamının başına gələ bilər. Hər dəfə soruşurdum ki, Şaiq müəllim, niyə beləsiniz? Deyirdi ki, başım ağrıyır. Anlatmağa çalışırdım ki, başının ağrıması çox fikir etməyindən irəli gəlir. Özünə psixoloji təsdiq edirsən”.

Şaiq müəllim çox savadlı gənc olub. Keçən ilin sentyabrında MİQ imtahanlarından 48 bal toplayaraq işə qəbul olunub. İntihar hadisəsi baş verənəcən müəllim işləyib.

“Sanki bu hadisə bir anda baş verib”

Müsahib bildirib ki, dostunun  şagirdlərlə ünsiyyəti də çox yaxşı olub. Şagirdlərinə öz biliyini maksimum çatdırmağa çalışırdı:

“Müəllimlik işindən bizə çox danışardı. Dediyinə görə, məktəbdə bir otağı vardı və  hər Coğrafiya dərsində şagirdlər o otağa daxil olmaq üçün can atırmışlar. ..

Deyirlər ki, o, son gündə də şagirdlərini həmişəki kimi mehribanlıqla qarşılayıb, dərsi də normal qaydada izah edib. Sanki bu hadisə bir anda baş verib.

Müəllim yoldaşları ilə də münasibəti çox yaxşı idi. Kolleqalarımız başqa mövzularda danışanda biz təhsil haqda danışmağa can atırdıq ki, təhsilin içində olaq”.

Mərhum müəllimin yaxın dostu onun ixtirası barəsində də danışır:

 “Onun ixtirası da vardı. Bu, elektronika ilə bağlı idi. Şaiq müəllim onunla tanındı. Elektronikaya marağı çox idi. O, yalnız Coğrafiya elminə deyil, bütün sahələrə diqqət edirdi. Adi salam verəndə belə, onu necə almaq haqda düşünərdi. Hər şeyi fərqli düşünər, hər şeydən nəticə çıxarardı”. 

Qeyd edək ki, əslən Kəlbəcərdən olan 27   yaşlı Şaiq Sadıqzadə noyabrın 24-də yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub. Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi. Mərhum həm də şair kimi tanınıb, müxtəlif şeirlərin  müəllifi olub.

AzEdu.az olaraq müəllimin yaxınlarına səbr diləyirik...

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları