Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-25 14:49:00
MİQ imtahanlarında 57 bal toplayan Sevil Əliyeva: "Qarşınıza çətinliklər çıxsa da əsla bu yoldan dönməyin!"

AzEdu.az müəllimlərin işə qəbulu üzrə müsabiqədə 57 bal toplayaraq Xırdalan şəhər 10 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi kimi qəbul olmuş Sevil Əliyevanın “uğur hekayəsi”ni təqdim edir:

"Müəllim olmaq, o şərəfli adı daşımaq, neçə-neçə şagirddən "müəllim" kəlməsini duymaqdan gözəl nə ola bilər ki? Bu şərəfli peşəyə yiyələnmək üçün bircə yol var: müəllimlərin işə qəbulu müsabiqəsinin mərhələlərini uğurla adlamaq.

İlk dəfə 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etdim və 48 bal topladım. Lakin bu nəticə məqsədimə çatmağım üçün kifayət deyildi. Nə olur olsun bir an belə həvəsdən düşüb geri çəkilməyəcəkdim. Və yenidən 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçdim. Nəhayət gözlədiyim o gün gəldi. 90 dəqiqəlik imtahan minlərlə insanın həyatını dəyişəcəkdi. Dəqiqələr azaldıqca həyəcanım daha da artırdı. İmtahan bitdiyində ekranda 57 bal topladığımı gördüyüm an keçirdiyim sevinc hissini sözlərlə ifadə etmək mümkün deyil. Məqsədimə bir addım yaxınlaşmışdım. Qarşıda məni müsahibə mərhələsi gözləyirdi. Bu mərhələni uğurla keçərək seçdiyim vakant yerə - Xırdalan şəhər 10 nömrəli tam orta məktəbə qəbul oldum. O gün sevinc hissi keçirən minlərlə insandan biri olduğum üçün çox şanslıyam.

Bu məktəbə gəldiyim ilk gündən kollektiv tərəfindən xoş münasibətlə qarşılandım. Mənə bu şərəfli yolda dəstək olan şəxslərə, başda məktəb rəhbərimiz Elnarə xanım olmaqla bütün müəllim kollektivinə öz dərin təşəkkürümü bildirirəm.
Müəllim olmaq istəyən bütün namizədlərə demək istəyirəm ki, müəllim olmaq istəyirsinizsə, əzmlə çalışın və imtahanda yüksək nəticə əldə edin. Müsabiqə tam şəffaf keçirilir və ən savadlı olan qalib gəlir. Qarşınıza çətinliklər çıxsa da əsla bu yoldan dönməyin!".