Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-10 13:40:00
“Yüksək təhsil haqları tələbələri işləmək məcburiyyəti ilə üz-üzə qoyur”

Dilavər Əzimli: “Bu isə bilik səviyyəsinin aşağı enməsinə səbəb olur”

Bu günlərdə tələbələrin ictimai nəqliyyatdan güzəştli qiymətlərlə istifadəsi ilə bağlı təkliflər səslənməkdədir. 

AzEdu.az xəbər verir ki, Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli, təhsil haqlarının azaldılmasının zəruriliyinə də diqqət çəkdi:

“Tələbələrə içtimai nəqliyyatdan güzəştli qiymətlə istifadə edilməsi üçün şəraitin yaradılması olduqca vacibdir. Dünyanın əksəriyyət ölkələrində bu cür hallar vardır. Oralarda hətta müəllimlərə də güzəştlər tətbiq olunur. Bu gün ölkəmizdə qiymət bahalığını nəzərə alsaq, bu həm də bir tələbatdır. Bu, həm də tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına da kömək edə bilər. Bəllidir ki, bizdə təhsil haqqı çox yüksəkdir. Əksəriyyət tələbələrin valideynləri bu pulu ödəməkdə çətinlik çəkirlər. Ona görə də tələbələrimizin böyük əksəriyyəti müxtəlif yerlərdə işləməyə məcbur olurlar. Təsəvvür edin ki, yaxşı oxuyan bir tələbə pul sarıdan əziyyət çəkir və şadlıq evində özünə iş tapır. Siz deyin o, oxumağa vaxt çatdıracaqmı? Demək, bu vəziyyət bilik səviyyəsinin aşağı enməsinə səbəb olur. Amma neynəyə bilər? İşləməsə, illik təhsil haqını ödəyə bilməyəcəkdir. Gündəlik xərcini də əldə etməlidir. Bu mənada tələblərə ictimai nəqliyyatdan istifadədə güzəştlərin tətbiq olunması heç olmasa vəziyyətlərinin nisbətən düzəlməsinə kömək edə bilər. Çox istərdik ki, təhsil haqlarının azaldılması məsələsinə də diqqət yetirələr. Bizdə təhsil haqqı gündəlik yaşayışımızla tərs mütənasibdir. Bu məsələni də gündəmə gətirmək lazımdır”.