Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-07 16:09:38
“Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışı keçirilib

Paytaxt məktəbliləri arasında “Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışı keçirilib.  

 

AzEdu.az xəbər verir ki, bilik yarışı hərbi orkestrın ifasında  Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri, Təlimə Dəstək Mərkəzinin (TDM) direktor səlahiyyətlərini müvəqqəti icra edən Anar Mustafazadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, TDM-in metodisti Qılman Eyvazov Qarabağ Zəfərinə aparan aprel döyüşləri, Şuşa zəfəri, Qarabağa böyük qayıdış barədə danışıblar. Bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsindəki qələbəsi bütün dünyaya göstərdi ki, Azərbaycan bir qarış torpağını belə gözəştə gedə bilməz.

 

Sonra hərbi bilik yarışı təşkil olunub. Bilik yarışında məktəblilərə Çağırışaqədərki hazırlıq fənni üzrə məntiqi və dünyagörüşünə dair 25 sual təqdim edilib.

 

Yarışın nəticələrinə əsasən, paytaxtdakı 80 nömrəli tam orta məktəbin komandası I, 220 nömrəli məktəb-liseyin komandası II, 55 nömrəli tam orta məktəbin komandası isə  III yerə layiq görülüb.

 

Sonda qaliblərə diplom, Fəxri fərman və Təşəkkürnamə təqdim olunub.

 

Qeyd edək ki, hərbi bilik yarışı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə keçirilib.