Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-05 16:30:42
AzMİU-da Aprel döyüşləri qaziləri ilə görüş keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələrin şanlı Aprel döyüşləri qaziləri ilə görüşü təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Açılış nitqi ilə çıxış edən AzMİU-nun Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev qalib xalqın vətəndaşları olmağımızla qürur duyduğumuzu, qazilərimiz ilə fəxr etdiyimizi vurğulayıb.

 

Qazilər çıxış edərək tələbələrə Aprel döyüşləri, I və II Qarabağ müharibəsi, eləcə də bəzi mühüm hərbi əməliyyatlar haqqında danışıb, öz döyüş yollarını, tarixi zəfərlərimizlə bağlı keçirdikləri hissləri gənclərlə bölüşüblər.

 

 Qeyd olunub ki, Azərbaycanda ordu, xalq və siyasi hakimiyyətin birliyi uzun zaman sonra bu döyüşlərdə göstərilib. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, döyüş qabiliyyətini, xalqımızın birliyini və torpaqlarımızın qaytarılması ilə bağlı qətiyyətimizi ən yüksək səviyyədə göstərərək, İkinci Qarabağ müharibəsində qazanılan böyük Zəfərin başlanğıcı oldu.

 

Sonda qonaqlar gəncləri bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmağa, Vətənimizi hər bir sahədə layiqincə təmsil etməyə çağırıb, tövsiyələrini verib, onları maraqlandıran sualları cavablandırıblar.