Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-04 14:19:00
Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması çox ciddi təşəbbüsdür

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını təklif edib.

 

Belə ki, bununla bağlı rektor rəsmi səhifəsində paylaşım edib.

 

Maraqlıdır, Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını təklifi gələcəkdə hansı müsbət effektlər verə bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Fazil Mustafa qeyd edib ki, ali məktəblər bu təşəbbüsə çox ciddi yanaşmalıdırlar:

 

“Həqiqətəndə təhsil sahəsində ciddi islahatlar düşünülürsə, təklif olunan komissiyada müstəqil düşüncəli rektorlar, müstəqil baxışları olan təhsil ekspertləri təmsil olunmalıdırlar.

 

Həmin komissiyaya dövlət rəhbərliyi səviyyəsində də müəyyən bir status verilməlidir ki, təhsilin inkişafı istiqamətində yeni layihələr hazırlansın, dövlətin və cəmiyyətin üzərinə düşən əsas vacib addımlarla bağlı təkliflər irəli sürülsün. Biz bunu Milli Məclisdə də müzakirə edirik ki, təhsilin inkişafına yönələn yeni layihələr yaradılsın. Lakin müşahidələrimizə əsasən hələ də ali təhsil sahəsində müəyyən problemlər olduğunu görürük.

 

Ali təhsilin maddi-texniki bazası imkan vermir ki, təklif edilən layihələri universitetlər reallaşdıra bilsinlər. Bu baxımdan da Ədalət Muradovun təklifi çox dəyərlidir və ideyasını dəstəkləyirəm. Amma yenə də qeyd edirəm ki, bunun doğru formatı tapılmalıdır ki, komissiyanın işi effektli olsun.

 

Biz təhsilimizin zaman itirmədən təcili şəkildə dəyişməsini arzulayırıqsa, yeni dövrə uyğun universitetlər modelləşdirməyimiz üçün bu təşəbbüsə ciddi yanaşmalıyıq”.