Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-04 11:19:45
Bakı Elm Olimpiadasının finalçıları bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri açıqlanıb.

 

Bu barədə AzEdu.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

 

Belə ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda-287 nömrəli Zəkalar liseyi, Məktəb-Lisey Kompleksi, 2 nömrəli Texniki Humanitar Liseyi, Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksi, 291 nömrəli Ekologiya liseyi, 220 və 264 nömrəli məktəb-liseylər və 272, 233, 129,  80, 280, 27, 53, 267, 194, 254, 24, 180, 42, 202, 322, 191, 169 nömrəli tam orta məktəblərin komandaları olimpiadanın II (final) mərhələsində iştirak üçün vəsiqə qazanıblar.

 

 

Olimpiadanın iki hissədən ibarət final mərhələsinin ilk günündə komandalar nəzəri (teorik) sualları cavablandıracaq. İkinci günündə isə hər komanda 3 təcrübə işini (fizika, kimya və biologiya) yerinə yetirəcəklər. Təcrübə işlərinin yerinə yetirilməsi üçün komandalara 4 saat vaxt veriləcək.

 

 

Qeyd edək ki, IX və X sinif şagirdləri arasında keçirilən olimpiadanın I mərhələsində iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər.

 

 

Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.