Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-28 13:30:00
Müəllimlərin “kurikulum sınaq”ı narahatlığı – “Şagirdlərimi imtahana qoymadım”

Bu gün kurikulum əsasında ilk sınaq imtahanları keçirilir. Abituriyentlər ilk dəfə situasiya tipli test tapşırıqları ilə də imtahan olunacaqlar.

Bəs, repetitorlar şagirdlərini yeni qaydada keçirilən sınaq imtahanına necə hazırlaşdırıb?

DİM-in tarix üzrə seminar sədri Kərəm Məmmədov bildirib ki, şagirdlərini sınaq imtahanlarına dərsliklərə əsasən, kurikulum qaydaları ilə hazırlaşdırıb:

“Nəticənin necə olacağı barədə öncədən proqnoz vermək mümkün deyil, hələ nəticələrinə baxacağıq. Amma sınağa salınan testlər o qədər də çətin deyil. Ənənəvi testlərə uyğunlaşdırılıb. Eyler diaqramı və digər bu tipli suallar qapalı formada olduğuna görə, məncə, elə də problem olmayacaq”.

Coğrafiyanı tədris edən repetitor Tural Topçuyev AzEdu.az-a açıqlaması zamanı bu sınaq imtahanın vaxtsız keçirildiiyni, bu səbəbdən, şagirdlərinə iştirakı məsləhət görmədiyini bildirib:

“Açığı, şagirdlərimi bugünkü sınaq imtahanına getməyə qoymamışam. Çünki hələ ki, proqramın heç 5-10 %-i mənimsənilməyib. Amma kurikuluma hazırlıqlıdırlar”.

Qəbul imtahanı zamanı sınaqlarda iştirak etməyən abituriyentlərin aqibətinin necə olacağı sualına isə müəllim belə cavab verib:

“Sınağa gedəcəklər. Sadəcə abituriyentlər sınaq imtahanına zamanında getsələr yaxşıdır. Hələ sınaqlara yeni start verilib. Bu, zamansızdır. Bəzi uşaqlar gedib orada zəif nəticə göstərərək psixoloji travma keçirirlər. Ona görə də hələ ki, öz şagirdlərimə bunu məsləhət görmədim”.

Müəllimin sözlərinə görə, situasiya tipli tapşırıqlar üçün hələ ki, DİM-in yeni vəsaiti nəşr olunmayıb:

“Onları DİM-in buraxdığı sinif testləri, bir də məktəb kitablarında olan suallar əsasında  hazırlaşdırıram. Hazırda əsas bunlardır. Çünki DİM-in nə test toplusu, nə də suallarla bağlı hələ hansısa kitabı nəşr olunmayıb. Hazırda nəşr olunanlar isə köhnədir, sadəcə üzləri dəyişdirilərək içinə 1-2 əlavələr olunub”. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları