Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-28 13:00:00
Şagirdləri sinifdə saxlayacaq qaib limiti - Ən çox nə qədər dərs buraxmaq olar?

 

Ali təhsil müəssisələrində tələbələrin semestr imtahanlarına buraxılması üçün bəlli bir qaib limiti tətbiq olunur. Semestr imtahanlarında iştirak edə bilmək üçün tələbələr dərslərdə daim iştirak etməyə çalışırlar.

Bəs, orta məktəblərdə şagirdin dərsə davamiyyətlə bağlı məsuliyyət hiss etməsi üçün hansı qaydalar  tətbiq olunur.

Doğrudur, orta məktəb sistemində də qaib anlayışı var. Amma bu, bir şagirdin uğur  göstəricilərinə nə dərəcədə təsir edir? Formal qaib işarəsi onda davamiyyətə məsuliyyət yarada bilirmi?

Qanunvericiliyə əsasən,  müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak  etmədiyi  üçün fənn üzrə biliyi  qiymətləndirilməyən  buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.

Bəs aşağı siniflərdə bununla bağlı hansı intizam qaydaları tətbiq olunur?

Mövzu ilə bağlı  AzEdu.az-a danışan təhsil eksperti  Kamran  Əsədov  bildirib ki, bir fənn üzrə 45 gün dərsdə iştirak etməyən şagird o fəndən müsbət qiymətləndirilə bilməz.

Eyni zamanda, davamlı olaraq 6 ay dərs prosesində iştirak etməyən  növbəti sinfə keçirilmir. Bu qaydanın orta məktəblərdə nə dərəcədə real tətbiq olunması məsələsinə gəldikdə  isə ekspert qeyd edib ki, bu, qanunvericilik aktlarına görə  həyata keçirilir:

“Hətta hər il ölkə üzrə 300-400-dən çox şagird sinifdə qalır və növbəti mərhələyə keçmir.  Bundan başqa, dərsə davamiyyəti aşağı olan şagirdlərin 2 qiymət alması faktı kifayət qədərdir”.

Bəs 6 aydan az müddətdə dərsdə iştirak etməyən şagirdin yenidən həmin sinifdə davam etməsi nə dərəcədə düzgündür sualına isə ekspert belə cavab verib:

“Təhsil  hamıya eyni imkanlar açmaq deməkdir. O, məhdudiyyətləri sevmir. Bəli, 6 ay çox görünə bilər. 6 aya bütün ilin proqramını mənimsəyə bilən şagirdlər var. Həmin məktəblilərin proqrama uyğunlaşması üçün əlavə dərslər təşkil olunur. O,  evdə təhsilə, inkulisiv təhsilə cəlb olunur. Onun üçün fakültətiv məşğələlər keçirilərək fərdi proqram tərtib olunur”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları