Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 15:44:00
Rəsədxana: Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Rəsədxanadan AzEdu.az-a bildirilib ki, son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib. Hesabat dövrü ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial tac dəliyi qeyd olunur.

 

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub.

 

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 kilometr/saniyəyədək artıb.

 

Hazırda Günəş küləyinin sürəti 490 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir. Kp indeksi 3.3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir.

 

Proqnoz günlərində (1-7 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir.

 

Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə artacağı gözlənilir. Yüksəksürətli tac dəliyi zərrəciklərinin təsirı ilə geomaqnit sahəsinin aprelin 4-dək qeyri-stabil və aktiv səviyyələrdə, sonra isə sakit olacağı proqnozlaşdırılır.