Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-27 14:08:00
Hindistanlı tələbə: “Tanışlarıma deyirəm ki, gəlib burada oxusunlar”

AzEdu.az Təhsil Portalı Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələrə davam edir.


Xarici tələbələrlə söhbətləşməkdə əsas məqsəd onların ölkəmizdəki təhsili necə dəyərləndirdiklərini, Azərbaycan barədə təəssüratlarını, əcnəbi gənclər üçün yaradılan şəraitdən məmnun qalıb-qalmadıqlarını, problemlərini öyrənməkdir.

Saytımızın "Xarici tələbə" rubrikasındakı növbəti müsahibimiz Hindistandandır.

 

O, Hitart Parmarla Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alır.

 

Müsahibimiz 3-cü kurs tələbəsidir.

 

Qeyd edək ki, müsahibimiz Azərbaycan dilini yaxşı bilmədiyi üçün onunla ingilis dilində söhbət aparmışıq.  

 

 - Hitart, təhsil üçün Azərbaycanı seçməyinin səbəbi nədir?

 

-Atam mühəndisdir və neft-qaz, energetika, kimya sənayesində 20 illik təcrübəyə malikdir. O, tövsiyə etdiki ki, mən məhz Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alım. Qohumlarımdan biri də bu universitetdə oxuyurdu. Ümumiyyətlə öz tanışlarıma da tövsiyə verirəm ki, ali təhsillərini gəlib burada alsınlar.

 

- Görünür Azərbaycanda təhsil almaqdan çox məmnunsunuz. Sizcə, burada təhsil almağın üstünlükləri nələrdir?

 

- ADNSU çox nüfuzlu və prestijli bir universitetdir. Azərbaycanın təhsil təcrübəsi olduqca uğurludur. Təsadüfi çətinliklərlə üzləşsəm də, təhsil sisteminin ciddi şəkildə qurulduğunu və bütün tələbələr üçün uyğun olduğunu qeyd edə bilərəm. Təhsil aldığım universitetin kampusunu, eləcə də idarəçiliyini bəyənirəm. Nə vaxt müəyyən problemlərlə qarşılaşsam, universitet rəhbərliyi onları operativ şəkildə həll edir. Universitetdə tələbələrlə və kitabxanada vaxt keçirməkdən zövq alıram. Burada mənə ilham verən faydalı məlumatlar və ideyalar mövzuddur.

 

- Bakıda tək yaşayırsan?

 

- Bəli, tək qalıram. Maddi baxımından ailəm mənə dəstək olur. Ona görə də yataqxanada deyil, öz hesabıma tutduğum evdə yaşayıram.

 

- Azərbaycan mətbəxində hansı yeməkləri bəyənirsən?

 

- Azərbaycan mətbəxi ölkənin coğrafiyasına görə zəngindir. Burada İran, Qafqaz, türk, rus, gürcü və Aralıq dənizi mətbəxləri ilə oxşarlıqları olan yeməklər tapdım. Nərə balığı və kababı çox bəyəndim, bu yeməklər çox dadlıdır. Azərbaycan yeməklərinin çoxunu dadmışam: dovğa, şah plov, müxtəlif növ manqal və s. Həmçinin Novruz bayramında şəkərbura və paxlava kimi şirniyyatlardan da yemişəm.

 

- Bəs Bakıda səyahət etməyi sevdiyiniz xüsusi məkanlar varmı?

 

- Bakı gözəl və heyrətamiz yerdir. Alov qüllələri, Qız qalası və bulvar xüsusilə heyranedicidir. Bakıda çox gözəl yerlər var, amma mənim öz xüsusi yerim var, orada vaxt keçirməyi xoşlayıram. Bu Dağüstü Parkdır. Bura dağları, dənizi və şəhəri birlikdə görə biləcəyiniz yerdir. Gecələr Dağüstü Park xüsusilə gözəl və möhtəşəm olur.

 

- Universiteti bitirdikdən sonra təhsilinizlə bağlı hədəfləriniz nələrdir ?

 

- Bakalavr təhsilimi bitirdikdən sonra magistratura təhsilimi də Bakıda davam etdirəcəyəm. Arzum neft və qaz sənayesində yaxşı mühəndis olmaqdır. Eyni atam kimi...