Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 17:16:00
AzMİU tələbələri Türkiyədə keçirilən İnşaat Mühəndisliyi Zirvəsində iştirak edib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin üzvləri Türkiyənin İstanbul Texnik Universitetinin (İTU) hər il keçirdiyi İnşaat Mühəndisliyi Zirvəsində (CivilCon 2024) iştirak edib.

 

Bu barədə universitetdən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, AzMİU-nu tədbirdə TEC-in sədri Günel İmamquliyevanın rəhbərliyi ilə İnşaat
fakültəsinin üzvlərindən ibarət bir qrup tələbə təmsil edib. AzMİU TEC-in gənclərin elmə marağının artırılması istiqamətində növbəti addımı olan bu tədbir maraqlı görüşlər, seminar, panel və vörkşoplarla yadda qalıb. Tələbələrimiz dünyanın fərqli ölkələrindən gələn elm adamları ilə ünsiyyətində olub, beynəlxalq təcrübəni öyrənib, inşaat mühəndisliyi sahəsində son yeniliklərdən agah olublar.


Tədbirin məqsədi inşaat mühəndisliyi sahəsində aktual problemləri üzə çıxarmaq, onun gələcəyi ilə bağlı fikir və təcrübələri bölüşmək, həll yolları axtarmaqdır. Müxtəlif ölkələrdən inşaat mühəndislərinin qatıldığı proqram həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub. Birinci gün tələbələrimiz tədbirin açılış mərasimində iştirak edib və İstanbulun tarixi abidələrini ziyarət ediblər. Növbəti günlərdə AzMİU nümayəndələri seminarlar, vörkşoplar, şirkətlərin nümayəndələri ilə görüşlərə qatılıblar. Tədbirdə eyni zamanda gənclər öz mədəniyyətlərini də təqdim etmək imkanı qazanıb.

 


Proqram çərçivəsində gənclərə fərqli tapşırıqlar verilib. Tələbə gənclər onlara təqdim olunan tapşırıqlara əsasən müxtəlif hissələrdən ibarət konstruksiyalar yığıblar. AzMİU nun tələbələrinin də qatıldığı yarışda inşaat materiallarından istifadə edərək konstruksiyalar hazırlanıb. Yekunda tapşırıqları uğurla yerinə yetirən tələbələrimiz yarışdan qalib kimi ayrılıblar. Sonuncu gün isə iştirakçılar üçün texniki səyahət təşkil olunub və tələbələrimiz tunel tikintisini yaxından izləyiblər.