Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-26 17:11:00
Bilik Fondunun təşəbbüsü ilə Zəngilanın işğalının 25-ci ildönümü anıldı

Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə əlaqədar oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə anım tədbiri keçirilib.

AzEdu.az  xəbər verir ki, Zəngilan rayon 4 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Dağlıq Qarabağ və ətraf rayonlar uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Seymur Məmmədyarov şagirdlərə Zəngilan və bu rayon uğrunda aparılan döyüşlər barədə ətraflı məlumat verib. O bildirib ki, döyüşlər zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü Zəngilanın tarixini, mədəniyyət abidələrini, toponimlərini özündə əks etdirən faktları diqqətə çatdırıb.

Əslən Zəngilandan olan T.Şükürlü rayonun tanınmış ictimai xadimləri haqqında məlumat verərək, onların cəmiyyətin inkişafındakı rolunu vurğulayıb. O, şahidi olduğu ağır hadisələrdən danışıb, doğma yurdunun işğala məruz qalması nəticəsində zəngilanlıların yaşadıqları faciələrdən bəhs edib.

Alim məktəbliləri əmin edib ki, torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunacaq.

Sonda məktəblilərin təqdimatında Zəngilana aid şeirlər dinlənilib.