Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-14 15:11:28
Şagirdlərin qiymətləndirilməsi: “Örnək müəllim” nöqsanlardan DANIŞDI

“Vəsaitlərdəki tapşırıqların dərslik komplektlərindəki materiallarla üst-üstə düşməməsi son bir neçə ilin həll olunmamış problemi kimi qalır”.

 

Bu sözləri AzEdu.az-a 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, 2023-cü ilin "Örnək müəllim"lərindən biri olan Kəminə Zalova qeyd edib.

 

Müəllim bildirib ki, qiymətləndirmənin müasir təhsil sistemində ən effektiv məsələlərdən biri olması qeydsiz- şərtsiz qəbul olunur:

 

“Şagird nailiyyətinə müsbət təsir etməklə bərabər, tədris prosesinin inkişafını izləmək,ehtiyac olduqda dəyişikliklər etmək imkanı yaratdığı üçün də qiymətləndirmə öyrənmə prosesinin əsas elementlərindən sayılır. Əhəmiyyətli məsələ olmasına baxmayaraq, hazırda respublika təhsilində qiymətləndirmə sahəsində çatışmazlıqların da mövcudluğu etiraf olunmalıdır.

 

Biz bir müəllim olaraq nəyi qiymətləndiririk? Öyrətdiyimizimi,qiymətləndirmə  vasitəsi olaraq əlimizə düşən və şagirdlərə tətbiq üçün təklif etdiyimiz materialımı? Valideyinləri nə maraqlandırır? Övladının nəyi öyrənməsimi,yoxsa neçə qiymət almasımı? Dövlət İmtahan Mərkəzi necə qiymətləndirir? Tədris olunan materialımı,tədris olunmalı olan materialımı?

 

Bu məsələlərə cəmiyyətin münasibəti, qiymətləndirmənin lazımınca həyata keçirilməsində dəqiqləşməmiş yanaşmaların olduğunu sübut edir. Sözügedən prosesi yoluna qoymaq bütün təhsil ictimaiyyətinin əsas missiyası olmalıdır”.

 

Həmsöhbətimiz vurğulayıb ki, qiymətləndirmədə uyğunluq birbaşa müəllimin pedaqoji səriştəsindən asılıdır:

 

“Təbii ki,məktəbdaxili qiymətləndirmədə uyğunluq, yəni keçilən mövzuların əhatə olunması və etibarlılıq-nəticələrin davamlılığı birbaşa “müəllimin” pedaqoji səriştəsindən asılıdır.

 

Valideynlərin qiymətləndirmə məsələsinə münasibətinin dəyişməsi isə təhsil prosesini idarə edən şəxslərin mütəmadi maarifləndirici tədbirlər aparması sayəsində mümkün ola bilər.

 

DİM tərəfindən aparılan qiymətləndirməyə cəmiyyətdə münasibət, təbii olaraq, birmənalı deyil, lakin son illər aparılan ardıcıl və davamlı tədbirlər bu sahədə fəaliyyətin ictimaiyyət üçün şəffaflığının təmin olunmasını və ildən-ilə təkmilləşməsini aydın göstərir. Bununla belə, aparılan qiymətləndirmənin cəmiyyət tərəfindən hələ də müzakirə olunan tərəfləri var. Doğrudur, DİM tərəfindən nəşr olunan müxtəlif siniflər üzrə qiymətləndirmə vəsaitləri şagirdlərin hafizəyə yox, təfəkkürə əsaslanan biliklərinin qiymətləndirməsinə şərait yaradır. Lakin bəzi hallarda bu vəsaitlərdəki tapşırıqların dərslik komplektlərindəki materiallarla üst-üstə düşməməsi son bir neçə ilin həll olunmamış problemi kimi qalır.

 

İnanırıq ki, təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymətləndirilməsi sistemində də çox uğurlu nəticələr verəcək”.