Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 13:29:41
Qarabağ Universitetində yüksək səviyyəli pedaqoqlar dərs keçəcəklər

Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu davam edir.

 

Vakansiyada əsasən elmi dərəcə, xarici dil bilikləri, ali təhsil müəssisələrində iş təcrübəsi kimi amillər nəzərə alınır. Burada həmçinin İngilis dili biliyi əsas faktorlardan biri hesab edilir. Bu həm də Qarabağ Universitetinin beynəlxalq əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq.

 

Maraqlıdır, bəs Qarabağ Universitetində xarici tələbələr təhsil ala biləcəkmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin deputatı, elmlər doktoru, professor Kamilə Əliyevanın sözlərinə görə, Qarabağ Universitetində yüksək səviyyəli bilik və bacarığa malik pedaqoqlar dərs keçəcəklər:

 

“Qarabağ və Şərqi Zəngəzur eləcə də dünya şəhərsalma prinsiplərinə əsasən sürətlə yenidən qurulur. Şəhərlərimiz baş plana uyğun hazırlanır və təhsil müəssisələri də dünya standartlarına və müasir tələblərə uyğun inşa edilir.

 

Qarabağ Universitetinin maddi-texniki bazası tələbələrin yüksək səviyyəli təhsil almaları üçün müasir formada qurulur. Bu ali məktəbdə ölkəmizin yüksək səviyyəli bilik və bacarığa malik pedaqoqları dərs keçəcək. Həmçinin digər universitetlərdən professorlar da mütəmadi olaraq bu universitetdə mühazirə oxumaq üçün dəvət olunacaq”.

 

Həmsöhbətimiz qeyd edib ki, yaxın gələcəkdə xarici tələbələr təhsil almaq üçün Qarabağ Universitetinə üz tutacaqlar:

 

“Burada respublikamızın digər şəhər və kəndlərindən qəbul olunan tələbələrin hamısı yataqxana ilə təmin olunacaq. İstənilən ali təhsil müəssisələrinin dünya reytinqində yer alması üçün orada təhsilin keyfiyyəti, maddi-texniki bazası ən yüksək səviyyədə olması ilə yanaşı, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması amili də nəzərə alınır.

 

Qarabağ Universitetinin fəaliyyət istiqamətində hər bir amilə diqqət yetiriləcək. Əminəm ki, yaxın gələcəkdə bu ali məktəb tək respublikamızda deyil, dünyada aparıcı universitetə çevriləcək. Düşünürəm ki, digər xarici dövlətlərin gəncləri də təhsil almaq üçün Qarabağ Universitetinə müraciət edəcəklər”.