Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-24 11:44:00
Təhsildən yayınmada şəriət təsiri nə qədərdir? – “Cəmiyyət buna hazır deyil!”

Dünyanın müxtəlif ölkələrində, o cümlədən, Azərbaycanda təhsildən yayınan uşaqların sayı kifayət qədərdir.

Onların içərisində şübhəsiz ki, qızların sayı üstünlük təşkil edir. Təhsildən yayınmanın əsas səbəbkarı olan valideynlərsə, bəzən, İslam dininin qızların oğlanlarla eyni məkan daxilində təhsil almasına qadağa qoyduğunu iddia edir. Bu, məlum səbəblərdən yalnız biridir...

Bəs, doğurdan da İslam dini qızlarla oğlanların eyni mühit daxilində təhsil olmasına qarşı çıxırmı?

Məsələ ilə bağlı İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov AzEdu.az-a açıqlaması zamanı bildirib ki, əhalisi müsəlman olan bütün ölkələrdə təhsil almaq üçün cins fərqi nəzərə alınmır:

“Hər kəsin təhsil almaq hüququ var və hər kəs bu hüquqdan istifadə edir. Orta əsrlərə qədər və İslamın ilkin dövrlərində şəriət prinsiplərində göstərilən qaydalara riayət edilirdi. Hətta zaman-zaman qızlar üçün xüsusi məktəblər də açılırdı. Lakin artıq müasir dövrdə elm və texnikanın inkişafı cins fərqinin olmadığını göstərir. Çünki, bu gün əhalisi müsəlman olan bütün ölkələrdə hər sahədə qadınlar da kişilərlə bərabər müxtəlif idarəçilikdə çalışırlar.

Əgər şəriət mətnləri əsasında məsələyə baxsaq, görərik ki,qadınlara təhsil alması üçün dinimizdə icazə verilir. Məsələn, Peyğəmbər özü qadınlara xüsusi günlər ayıraraq onları maarifləndirmək üçün dərslər keçib. Köhnə əsrlərdə yanaşılan formada məsələlərə münasibət bildirməməliyik. Çünki, bu gün elm sübut edir ki, həmin fikirlər yanlışdır. Bu baxımdan  nə vaxtsa, qızlar üçün xüsusi dərslərin keçiriləcəyini düşünmürəm”.

“Orta və ali təhsil müəssisələrində İslam dini tədris olunmalıdır”

Əkrəm Həsənovun sözlərinə görə, bu bölgünü ancaq universitet daxilində etmək olar:

“Belə bölgü tətbiq olunsa belə bu fikirlə razı deyiləm. Çünki, cəmiyyəti cinslərə ayırıb birini digərindən fərqəndirmək doğru deyil. Heç bu mövzunun açılması belə günümüz üçün aktuallıq kəsb etmir. Çünki, cəmiyyət buna hazır deyil. Hələ cəmiyyətİslamı elmi mənbələrlə öyrənməli, orta və ali təhsil məktəblərində dini dərslər keçirilməlidir. Xüsusi ilə İslam dini elmi şəkildə gənclərə öyrədilməlidir. Efirlərdə maarifçilik işi aparılmalıdır. Bütün bunları cəmiyyət özü tələb etməlidir. Bizim cəmiyyət bunu istəmir, buna hazır deyil. Təhsil almaq üçün cinsi ayrıseçkilikedilməməlidir!

Ancaq mədəniyyət olmayan yerlərdə qızları oğlanlardan ayırırlar ki, oğlanlar onlara qarşı yanlış düşüncə sərgiləməsin. Əhalisi müasir müsəlman olan ölkələrdə, İslam yaşanan diyarlarda mədəniyyət kifayət qədər olduğu üçün təhsildə oğlan və ya qız ayrıseçkiliyi edilmir”.

“Çürük düşüncə - Qadının təhsildən uzaq olmasını deyən, iddia edən düşüncədir”

Müsahibimiz qeyd edir ki, Quranda “oxu” əmri, yalnız kişilərə aid edilməyib:

“Quranın dəqiq izahını Peyğəmbərdən başqa heç kim verə bilməz. Peyğəmbər də öz həyatında bunu göstərərək deyib ki, elm, din və dünyaya aid bütün elmləri qadınlar da öyrənməlidirlər. Buna aid saysız-hesabsız hədislər var. Elə Peyğəmbərin həyat yoldaşı Aişənin İslamda ilk alim qadın olması buna misaldır. Çünki, şəriət elminin əsas böyük alimlərindən biri də Allah Rəsulunun həyat yoldaşı Aişə olub. Elmin ən vacib detallarını Aişə bu ümmətə çatdırıb. Həmçinin Peyğəmbərin qadınlara xüsusi günlər təyin edib onlara şəriət elmini öyrətməsi də buna misaldır. Bundan başqa İslam tarixində çox görkəmli qadın alimlər olub. Bu gün qadının təhsildən uzaq olmasını deyən, iddia edən düşüncə çürük düşüncə hesab olunur”.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları