Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-09 11:18:00
Sosioloq: “Şagirdlərin dərs oxumaqdan sosiallaşmağa vaxtları qalmır”

Pandemiya dövrü hər birimiz üçün müəyyən itkilərlə yadda qaldı. Qapanma dövrü səhhətimizlə yanaşı psixologiyamızdan da yan keçmədi. İntihar faktları, özünəqapanma və s. kimi mənfi halları araşdırdıqda pandemiya dövrünün qalıqlarına rast gəlirik.

 

Bəs, görəsən, bu dövr uşaq və yeniyetmələrin psixologiyasına necə təzahür edib? Onun fəsadlarını necə aradan qaldırmaq olar?

 

Mövzu ilə əlaqədar sosioloq Lalə Mehralı AzEdu.az-a açıqlama verib.

 

 

 

L.Mehralı bildirib ki, pandemiya ən ağır fəsadları psixologiyamıza vurub:  

 

“Pandemiyanın görünəndən çox görünməyən psixoloji, mənəvi və sosioloji zərərləri var. Biz bu gün ən ciddi izlərə psixologiyada, mənəviyyatda rast gəlirik. Maddi, eləcə də sosial fəsadları zamanla yoluna qoya bilsək də, sərt qapanma dövründə aldığımız psixoloji zədələrin nəticələrinin aradan qaldırılması üçün uzun zamana ehtiyacımız var. İnsanlar qapadılanda, qapanmağa məcbur olanda bir şeyin fərqinə vardılar ki, ünsiyyətsiz, münasibətsiz insan əslində insan deyil. Bizi insan kimi formalaşdıran ünsiyyət idi və biz uzun müddət bunun fərqində olmamışıq. Sosiallaşmaq bir insanın özünə edə biləcəyi ən böyük yaxşılıqdır. Burada virtual sosiallaşmaqdan yox, üz-üzə real, telefonlar həyatımıza hələ bu qədər hökm sürmədiyi zamanlardakı sosiallaşmadan, dostlarla, qohumlarla, tanışlarla görüşlərdən söhbət gedir. İnsan nə qədər kənardan özünə dost, yoldaş tapa bilsə də, sosiallaşmaq üçün mütləq doğmalara ehtiyac duyulur. Ən yaxın dosta deyə bilmədiklərimizi doğmalara asanlıqla deyə bilirik. Buna görə də dostlarla sosiallaşdığımız kimi ailəmizlə də real şəkildə ünsiyyətdə olmalıyıq. Bunun üçün ən yaxşı şərait ailə məclisləri, birgə yeyilən yeməklər, oynanılan spesifik oyunlardır”.

 

“Uşaqları ailə məclislərində iştirak etməyə vadar etmək lazımdır”,-deyə sosioloq vurğulayıb:

 

“Uşaqların, gənclərin psixologiyasında pandemiya dövründə yaranan bu boşluq ünsiyyət növlərinin olmaması səbəbindən qaynaqlanıb. Uşaqları ailəvi məclislərə, şənliklərə aparmaq lazımdır. Onlar televizora, telefona meyillənərək həddindən çox özlərinə qapanırlar. Bu isə gələcəkdə öz fəsadlarını göstərməyə başlayır. Şagirdlər, eləcə də yeniyetmələr günlərinin böyük qismini dərsə, oxumağa ayırdığı üçün sosiallaşmağa normal vaxtları qalmır. Ümumiyyətlə məktəbdə sosiallaşmanın az olmasının səbəblərinə həm dərslərin ağırlığı, həm də tənəffüs müddətinin az olması amili təsir edir. Bu baxımdan da uşaqların sosiallaşmasında ailəylə, yaxınlarla keçirilən vaxtın önəmi böyükdür”.