Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 10:03:32
Abituriyentin zəif nəticəsi məktəbin, yoxsa repetitorun günahıdır?

Məlumdur ki, hər il abituriyentlər ali məktəbə qəbul olmaq üçün hazırlıqlara, repetitor yanına gedirlər. Təbii ki, abituriyentlərin yüksək nəticəsi ilk növbədə onların daha yaxşı səy göstərib, çalışmaqlarından irəli gəlir. Lakin hazırlıqların da böyük payı olduğunu etiraz edə bilmərik.

 

Bir çoxları şikayət olaraq bildirir ki, yüksək nəticə toplayan abituriyentin nəticəsini çox vaxt məktəbin adı kimi önə verirlər. Lakin nəticə zəif olduqda isə bu prosesin səbəbkarı repetitor olur.

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eskperti Elçin Əfəndiyev bildirib ki, yüksək bal toplayan abituriyentlərin nəticəsinə görə yalnız məktəbin adını hallandırmaq düzgün deyil:

 

“İstisna hallar olur ki, şagirdlər hazırlığa getmədən yüksək nəticə göstərə bilirlər.  Qalan digər hallarda ali məktəblərə sənəd verən abituriyentlərin içərisində təxminən 60-65 minə yaxını məhz repetitorlara müraciət edirlər. Əldə olunan ümumi bal məhz həmin hazırlıqların, repetitorların nəticəsi hesab olunmalıdır.

 

Məsələn, III qrupa hazırlaşan abituriyent Azərbaycan dili, Azərbaycan tarixi, ədəbiyyat və s. bu kimi fənlərdən 6 illik materialı öyrənməlidirlər. Bu qədər çox mövzunu təkbaşına öyrənmək sözsüz ki, asan deyil və əlavə hazırlığa ehtiyac var.

 

Əlbəttə, əgər şagirdin istedadı varsa, onun hazırlığa getməsinə ehtiyac yoxdur. Amma bu az öncə də qeyd etdiyim kimi, istisna haldır. Əksəriyyət məhz həmin 6 illik materialı oxuyub mənimsəmək üçün məcburdur ki, hazırlıqlara getsin. Lakin müşahidələr onu göstərir ki, müvafiq hazırlıqlara gedərək yüksək bal toplayan abituriyentin nəticəsi kimi məktəbin adı hallanır. Hesab edirəm ki, doğru deyil. Çünki burada məktəbin payı cüzidir”.

 

Ekspert qeyd edib ki, qəbul imtahanlarında fənnin sayı azaldılmalıdır:

 

“Ali məktəblərə qəbul imtahanlarına hazırlıq dönəmində daha çox əziyyət kurslar və repetitorların payına düşür. Bu məsələnin kökündə imtahan formatı ilə məktəblərdə keçirilən dərslərin üst-üstə düşməməsidir.

 

Düşünürəm ki, ən azı 2, 3 fənn üzrə qəbul həyata keçrilməlidir. Bu həm abituriyentin yükünü azaldır, həm də ailələrin maliyyə cəhətdən çətinliyə düşməsinin qarşısını alar. Eyni zamanda nəticələrin daha yaxşı olmasına gətirib çıxarmalıdır.

 

Hesab edirəm ki, 10-11-ci siniflərdə dərslər məhz ixtisas qruplarına əsasən təşkil olunsa, daha məqsədəuyğun olar. Bu zaman hazırlıqlara və repetitor fəaliyyətinə də ehtiyac qalmayacaq”.