Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 12:46:00
Dərsliklərlə bağlı problemlər aradan qalxır! – “İctimai rəy effektiv olacaq”

2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I, V və IX sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik, eləcə də onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.

 

Maraqlıdır, bu layihə nə qədər effektiv olacaq?

 

AzEdu.az-a məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova açıqlama verib:

 

“Dərsliklər haqqında rəylərin öyrənilməsi və eyni zamanda ictimai müzakirəyə çıxarılması birinci dəfə təşkil olunmur. Bu proses Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən bir neçə dəfə keçirilib. Dərsliklər istifadəyə verilməmişdən əvvəl mütəxəssislər, ekspertlər, digər dərsliklərin müəllifləri və yaxud bu sahədə ekspert olan şəxslər tərəfindən müəyyən müzakirələrə çıxarılır. Həmin şəxslərin dərsliklərlə bağlı hansı narazılıqları varsa, bildirilir.

 

Bu çox yaxşı təşəbbüsdür. Dərsliklər çapa verilməmişdən əvvəl bu sahənin mütəxəssisləri və ictimaiyyət öz narazılıq və rəylərini bildirdikdə, Elm və Təhsil Nazirliyi həmin problemləri rahatlıqla aradan qaldıracaq”.

 

Sədr layihənin zamanla effektiv olacağını bildirdi:

 

“Təhsildə baş verən layihələr illər alan məsələdir və ictimaiyyətin rəyinin öyrənilməsinə başlanılıbsa, bu əlbəttə ki, effekt verəcəkdir. Sadəcə olaraq bu prosesdə daha çox insanın iştirak edə bilməsi üçün məsələni geniş şəkildə yaymaq, ictimailləşdirmək lazımdır.

 

Əlbəttə ki, yüzlərlə, minlərlə rəy gələ bilər. Həmin rəylərin akademik, pedaqoji və digər tərəflərinə son olaraq Elm və Təhsil Nazirliyi verəcək.

 

Yenə də qeyd edirəm ki, bu təşəbbüs çox müsbətdir. İctimai Şura olaraq özümüz də dəfələrlə bu təşəbbüsün təbliğatında iştirak etmişik. Bu da öz effektini verir. Yaxşı olar ki, dərsliklərin tərtib olunması ilə bağlı müsbət dəyişikliklər barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu ictimaiyyəti marifləndirsin.