Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 09:01:15
AzTU-nun müəllim və tələbələri Karbamid zavodunda olub  

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının bir qrup əməkdaşı və tələbələr (bakalavr və magistr) SOCAR-ın Karbamid zavoduna tanışlıq səfəri ediblər.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə AzTU nümayəndə heyətinə zavod haqqında ətraflı məlumat verilib. Daha sonra müəllim və tələbələr zavodunun texnoloji prosesləri, alınan məhsulun keyfiyyəti, yenidənqurma işləri ilə tanış olublar.

 

Qeyd olunub ki, Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir.  Karbamidə olan yüksək tələbat onun aşağı maya dəyəri, qənaətcil və təhlükəsiz daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlıq verməsi ilə əlaqədardır. Karbamid yanğın və ya partlayış təhlükəsi yaratmadığına görə saxlanılma və daşınma baxımından etibarlı və qənaətcil məhsul hesab edilir.

 

Ən yüksək azot tərkibinə (46.3%) və suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidin başqa bir üstünlüyü onun həm ayrı, həm də digər gübrələrlə birgə istifadə oluna bilməsidir. Bundan başqa, karbamiddən mal-qara yemi və digər kimyəvi maddələrin istehsalında, eləcə də əczaçılıqda geniş istifadə olunur.

 

Səfər çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.