Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-22 10:16:00
İngilis dili tapşırıqlarında dəyişiklik... – DİM: “Narahatlığa əsas yoxdur”

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ümumi və tam orta təhsil səviyyələri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılışda isə qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarlarını və balların hesablanma qaydası dərc olunub. 

 

Tapşırıq nümunələri ilə tanış olan bir çox abituriyent ingilis dili üzrə olan testlərdə xeyli yenilik olduğunu qeyd edib, narazılıqlarını bildirirlər.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, açıq sualların şərtində olan dəyişiklik narahatlığa əsas vermir:

 

“Abiyuriyent” jurnalının xüsusi buraxılışında xarici dillər üzrə təqdim olunmuş modeldə oxuyub-anlama bacarığını yoxlayan mətn üzrə 2 açıq sualın şərtində edilmiş müəyyən dəyişiklik narahatlığa əsas vermir. Bu suallarda proqramdan kənar heç bir məqam yoxdur və məqsəd yenə də abituriyentin oxuyub-anlama bacarığını yazılı cavab tələb edən açıq tipli tapşırıq vasitəsilə qiymətləndirməkdir.

 

Məsələn, xüsusi buraxılışda ingilis dili üzrə 28-ci sualın şərtində verilmiş cümləni ən azı iki sözü dəyişməklə tamamlamaq tələb olunur. Ötən ilki modeldə isə eyni tapşırığın şərtində söz (sözlər) və cümlənin strukturunda dəyişiklik etməklə verilmiş cümləni tamamlamaq tələb olunurdu. Mahiyyət dəyişməyib, yenə də abituriyentdən müvafiq dəyişiklik etməklə cümləni tamamlamaq tələb olunur.

 

29-cu sualın forması da dəyişməz olaraq qalır. Belə ki, abituriyentlərə oxu mətni üzrə bir xüsusi sual təqdim olunur. Ötənilki modeldə bu suala söz (sözlər) və cümlənin strukturunda dəyişiklik etməklə cavab vermək tələb olunurdu. Lakin aparılmış statistik təhlillər göstərir ki, abituriyentlər bu suala cavab verərkən cavabı mətndən köçürür və bu da yazılı cavabların qiymətləndirilməsində çətinlik yaradır. Bu səbəbdən 29-cu sualın şərtində dəyişiklik edilmiş və verilən suala mətnə əsasən öz fikirlərini ifadə etməklə ən azı 3 cümlədə cavab təqdim etmək tələb olunur.

 

Bir daha qeyd edirik ki, modeldə mahiyyət etibarilə hər hansı bir dəyişiklik və narahatlığa səbəb olacaq məqam yoxdur”.