Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-09 09:42:00
Universitetlər təhsil haqqını gecikdirən tələbələrə möhlət verir? - SORĞU

Məlum olduğu kimi, universitetlərdə payız semestrinin qış imtahan sessiyası başlayıb. Bu müddət ərzində tələbələrin təhsil haqqını ödəməməsi bəzən sessiya imtahanlarında iştirak etməsinə əngəl olur.

 

Maraqlıdır, universitetlər il sonuna qədər təhsil haqqının ödənilməsində hər hansı bir güzəşt tətbiq edirmi?

 

AzEdu.az təhsil portalı olaraq mövzu ilə əlaqədar bir neçə universitetə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova  bildirdi ki, tələbələrə möhlət hüququ verilir və onlar təhsil haqqını imtahana kimi hissə-hissə ödəyə bilirlər.

 

Azərbaycan Dövlət Neft və Sənayə (ADNSU) univeristetinin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov diqqətə çatdırdı  ki, ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı tələbənin öz yol xəritəsinə uyğun ödənilir. Tələbə onu bir dəfəyə, və ya  bir neçə dəfəyə ödəyə bilər. Ödəniş üçün son vaxt semestr imtahanına qədərdir.    


Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova söylədi ki, bizim universitetdə tələbələrə təhsil haqqını ödəmələri üçün növbəti imtahan sessiyasına kimi möhlət verilir.

 

Azərbaycan Texniki Universitetinin (AzTu) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, tələbələrə təhsil haqqını semestr ərzində hissə-hissə ödəməyə şərait yaradılır. Aztəminatlı ailələrin üzvləri olan tələbələr təhsil haqqı xərclərini semestr ərzində və ya tədris ili müddətində ödəyə bilmirsə, bununla bağlı yazılı formada müraciət etdikdə həmin tələbələrə möhlət verilir.

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev qeyd edib ki, qanunvericiliklə artıq tələbələrin qeydiyyatı portal.edu.az platforması üzərindən aparılır və orada tələbələrə qeydiyat üçün tam ödəniş, ödənişli əsaslarla oxuyan tələbələrə 2 seçim verilir: tam ödəniş etmək yaxud da ödənişin 50 %-i ödmək. Yeni qəbul olan tələbələr üçün onlara 50% ödəmək ixtiyarı verilir.Həmçinin universitetdə tələbələrə təhsil haqqının hissə-hissə ödənilməsinə şərait yaradılır. Universitet  mütəmadi olaraq öz məzumlarımız olan iş adamalarına, xüsusilə inşaat sahəsində olan böyük şirkətlərlə görüşüb ehtiyacı olan tələbələrin təhsil haqlarını ödənilməsi ilə bağlı müraciət göndərirlər.

 

Qərbi Kaspi Universitetinin KİV və İctimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Vüsal Məmmədov vurğulayıb ki, müqavilə öhdəliyinə əsasən, tələbələr təhsil haqqını noyabra qədər ödəməlidirlər.Lakin xüsusi halarda tələbənin ödəmək imkanları məhdud olduqda həmin tələbələrə müəyyən güzəştlər tətbiq olunur və tələbə  təhsil haqqını hissə-hissə ödəyir.

  

Bakı Ali Neft Məktəbi (BANM) mətbuat xidmətindən bildirilib ki, tələbənin illik təhsil haqqında gecikmə olarsa, möhlət verilir.  Tələbənin vəziyyəti nəzərə alınır.