Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-28 14:45:00
Təklif: “Kirildə yazılmış kitablar latın qrafikasına çevrilsin”  

Məlum olduğu kimi, Azərbaycanda 1940-cı il yanvarın 1-də kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olunub. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparılıb. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradılıb.

 

Azərbaycan latın qrafikasına yenidən keçid etdikdən sonra bir çoxları tərəfindən düşünülür ki, kiril qrafikası ilə yazılan əsərlərin çoxu it-bat olub.

 

Bəs sözügedən kitabların yenidən nəşr olunmasına nə dərəcədə ehtiyac var?

 

Mövzuyla bağlı AzEdu.az-a danışan gənc yazar, jurnalist Ayxan Ayvazın sözlərinə görə kiril qrafikalı kitabların latın qrafikasıyla yenidən nəşrinə çox ehtiyac var:

 

“Azərbaycanın bir çox istedadlı yazıçıları var ki, onların ərsəyə gətirdiyi kitablar kiril qrafikasındadır. Onlar həm latın qarfikasında mövcud deyil, həm də kitabların özlərini tapmaq olduqca çətindir. Tez-tez eşidirik ki, Azərbaycan dili zəngin deyil, bu dildə bədii əsərlərin dili olduqca zəif olur və s. Belə iddialar ortaya atılır. Əgər keçmişdə yazılan kiril qrafikalı kitablar yenidən ortaya çıxarılıb, latın qrafikasıyla nəşr olunsa, gənclərimiz görəcəklər ki, zəngin söz ehtiyatı ilə yazılmış bir çox əsərlərimiz mövcuddur. Bununla yanaşı, Azərbaycan dilini tam mənimsəmək və öyrənmək üçün sözügedən kitablar bizim üçün bir körpü rolunu oynayacaq”.

 

 

Həmsöhbətimiz vurğulayıb ki, ki, hansı kitabları mütləq şəkildə yenidən gündəmə gətirməyin lazım olduğunu peşəkar yazıçılardan öyrənmək lazımdı:

 

“Az öncə də qeyd etdiyim kimi, kitablar həm kiril qrafikalı olduğuna görə, həm də axtarıb-tapmaq bir qədər çətin olduğu üçün gənc nəslə ötürülə bilmir. Sözügedən kitablar heç kitabxanlarda da yoxdur. Onlara əsasən, sovet dövründən yaşamış yaşlı insanların evlərində rast gələ bilərik. Bu kitabların müəllifləri də, özləri də sıradan çıxa bilər. SSRİ dövründə xeyli oxunan, rəğbət qazanan kitablardır. O baxımdan düşünürəm ki, latın qrafikasına çevrilsə, bu bizim üçün yeni bir mərhələ olar. Həmin yazçılarla yenidən tanış olarıq.

 

A.Ayvazın sözlərinə görə Azərbaycan gənclərinin ən pis vərdişlərindən biri də tərcümə kitabları oxumaqlarıdır:

 

“Bu cür kitablar çox zaman düzgün tərcümə olunmur. Bu isə onların söz bazalarına mənfi təsir göstərə bilər. Həmçinin, gənclərimizin çoxu türk dilində kitablar oxumağa üstünlük verir. Bu da istər-istəməz Azərbaycan dilini onlara unutdurur. Keçmişdə nəşr olunan kitablar bizim orjinal dilimizdir. Bu kitabları oxuyan gənclərimizin söz ehtiyatı olduqca zəngiləşəcək. Ona görə də əsl dilimizi gənclərimizə təbliğ etməliyik”.