Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-08 10:14:00
Kişi müəllimlərə cəmiyyətdə mövqe dəyişməli, maaşları artırılmalıdır

Statistikalar göstərir ki, pedaqoji sahədə çalışan kişilərin sayı qadınlara nisbətən daha azdır. İbtidai siniflərdə isə demək olar ki, kişi müəllimə nadir hallarda rast gəlmək olur.

 

Hansı səbəblərdən ibtidai sinifdə dərs keçən kişi müəllimlərin sayı azlıq təşkil edir?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Şahlar Əsgərov AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, hələ 30-40 il əvvəl ibtidai təhsildə kişi müəllimlərin azlığı məsələni professor Əbdül Əlizadə qaldırmışdı: “O deyirdi ki, orta məktəbdə kişi müəllimlərin azalması gənclərin qadın xislətli böyüməsinə gətirib çıxaracaq. Nəticədə şagird qadın kimi özünə sığal çəkəcək, saçını düzəldəcək, geyimə, ətirə və s. diqqət edəcək. Bu gün görürük ki, hələ o dövrdə deyilən sözlərdən nəticə çıxara bilməmişik”.

 

“Təhsilin ən vacib mərhələsi ibtidai təhsildir”, - deyə Ş.Əsgərov bildirib: “Biz məktəbəqədər, eləcə də ibtidai təhsilə diqqət ayırmamışıq. Son illərdə bu məsələnin gündəmə gəlməsi sevindirici haldır. Təhsilin bu pilləsinə ad seçimi edərkən səhv etmişik. "Vacib", "lazımi","əla" demək yerinə, ibtidai təhsil adlandırmışıq. İbtidai sözünün mənasına baxsaq görərik ki, elə də əhəmiyyət kəsb etməyən deməkdir. Bu adı kimlər qoyub dəqiq bilmirəm, amma xoş niyyətlə qoyulmadığı bəllidir. Əgər öz millətimizdən biri seçibsə, nə pis, yox, hansısa xarici millətin nümayəndəsi ibtidai sözünü bizim təhsilə yeridibsə, onda hamımıza yazığım gəlir. Dünyaya nəzər salsaq görərik ki, ibtidai təhsilin ad seçimi də təhsilin vacibliyindən xəbər verir. Türklər “ilk okul”, ruslar “naçalnaya şkola”, ingilislər isə “praymır skul” (vacib təhsil) deyir”.

 

Müsahibimiz bildirilib ki, bu gün ibtidai təhsildə kişi müəllim yoxdur: “İbtidai təhsil çox vacibdir, lakin ibtidai təhsili lazımi səviyyəyə qaldırmaq üçün əvvəlcə ona baxış dəyişdirilməlidir. İbtidai təhsilə dövlət səviyyəsində diqqət ayrılmalıdır. Bu baxışın təməli idarəçilikdən qoyulmalıdır.

İqtisadi baxımdan ibtidai təhsildə qənaətə yer vermək olmaz. Ümumiyyətlə kişi müəllimin qadın müəllimdən fərqi ondan ibarətdir ki, ailənin iqtisadi yükü kişinin üzərindədir. Kişi ailənin iqtisadi təlabatını ödəməlidir. Əgər ibtidai təhsildə həmin məvacib ödənmirsə, o halda kişi taksi sürməyi daha üstün görəcək.

Biz ibtidai sinif müəlliminə lazımi, zəruri maaşı versək, əlbəttə kişi müəllimlərin sayı artar”.

 

Ş.Əsgərov qeyd edib ki, bu gün bizim cəmiyyətdə 10-cu sinif müəllimi ilə ibtidai sinif müəlliminə baxış eyni deyil: “10-cu sinif müəllimi fizikanı, kimyanı, riyaziyyatı uşaqlara öyrədir, amma ibtidai sinif müəllimi nəinki hərfi, qələm tutmağı öyrədir, eləcə də uşağın özünü öyrənir. Uşaq bir hərəkət edəndə müəllim o hərəkətin altında yatan səbəbləri tədqiq edir. O, həm öyrədir, həm də uşağın psixologiyasını mənimsəyir.

 

XX əsrin ən böyük alimi Eynşteyn C.Piajeyə məktub yazaraq bildirir ki, biz fizikanı, eləcə də təbiəti öyrənirik, amma sən canlı aləmi, uşaqları öyrənirsən. Sənin elminin yanında bizim elm heç nədir. Uşağı dərk etmək, onun psixoloji aləmini öyrənmək gələcək üçün atomu parçalamaqdan daha dəyərlidir. Bu sözləri bu gün əsas götürərək baxsaq görərik ki, ibtidai təhsil sahəsində biz indiyə kimi “fil qulağında yatmışıq”.

 

“Kiminsə maaşı çoxdursa bu ona göstərilən münasibətdən qaynaqlanır”: “Kişi müəllimlər çox olmalıdır. Elə olmalıdır ki, o, ailəsini şərəflə dolandıra bilsin. Kişi müəllimlərə cəmiyyətdə mövqe dəyişməlidir. Yolda müəllimi görəndə hörmətlə salam verəcəklərmi? Uşağı öyrətmək fəaliyyətinə düzgün qiymət veriləcəkmi? Əsas budur. Münasibət dəyişəndən sonra maaş özü qaydasına düşəcək. Hələ bizim millət yuxudadır. O qədər yuxudayıq ki, hələ ikinci dünya müharibəsi dövründə açılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 6 bölməsində fizika, riyaziyyat, təbabət, kənd təsərrüfatı və s. sahələr var, eləcə də orada üzümçülüyü heyvandarlığı öyrənirlər, amma insandarlığa aid heç bir şey yoxdur. Pedaqogikadan, psixologiyadan şöbə yoxdur. Buradan da aydındır ki, biz geridə qalmışıq”.