Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-30 09:23:00
Professor: 200 nəfərə dərs deyən müəllimin maaşı digərlərindən fərqlənməlidir

Son illərdə ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı artan statistika ilə hərəkət edir. Lakin hər kəs ali təhsil alsa da, məzun olduqdan sonra ya iş tapmır, ya da ki, əmək haqqı onu qane etmir.  

 

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a mövzu ilə əlaqədar fikirlərini bildirib.

 

Professor dünya təcrübəsinə nəzər salıb: “Rusiyada universitet tələbələri məzun olduqdan sonra onu ən yüksək məvaciblə işə götürürlər. Məsələn  Rusiyada banklara məhz Finans Universitetindən məzun olan tələbələr cəlb olunur. Bundan başqa, Moskvadakı Fizika İnstitutunun da tələbələri yüksək məvaciblə işlə təmin olunur. Həmin məzunlardan işə qəbul üçün imtahan tələb olunmur. Bizim ən böyük çatışmazlığımız da bundan qaynaqlanır. Azərbaycan universitetləri çalışmalıdır ki, onun məzunu sıxıntı yaşamasın. Universitet birinci prioritet qoymalıdır ki, “mən hansı sahələrdə bir nömrəliyəm və bir nömrəli olmalıyam?” bu problemi həll etmək lazımdır. Bir-birini təkrarlayan ixtisaslar, fakültələr, institutlar artıq effekt vermir. XXI əsrin, eləcə də əmək bazarının tələbləri artıq dəyişib. Bu səbəbdən də yenilənmə, inkişaf vaxtıdır. Nəyi gözləyirik? Kafedra səviyyəsində olan “institutlar” özünü institut, universitet adlandırır. Bu düzgün addım deyil. Bu gün dünyada multidisiplinar maliyyədən məzun olan şəxs eyni zamanda güclü rəqəmsal maliyyəni, mühəndisliyi bilir. Şirkət yerli universitetlərin məzununu işə götürməlidir. Onun potensialına inanmalıdır. Ancaq biz görürük ki, lokal səviyyədə işləyən şirkət özünə Oxford məzunu axtarır. Məgər bu şirkətlər özləri Dağıstandan o tərəfə məhsul satışı keçirir ki, Ofxord məzunu axtarır? Şirkətlər əvvəlcə özlərinə baxıb ona uyğun işçi axtarmalıdır`. Problemlər məhz buradan qaynaqlanır”.

 

“Artıq diplom naminə oxumaq lazım deyil”,- deyə iqtisad elmləri doktoru vurğulayıb: “Şirkət və ya vətəndaş nə istədiyini bilməlidir. Dövlət sifarişi ilə oxuyan tələbələrin təhsil haqqı qarşılanır, eləcə də əlavə təqaüd alırlar. Tələbə məzun olub işləmirsə, sual yaranır bəs ödənişlərin nəticəsi nə oldu? Dövlət hər bir ödənişin nəticəsini universitet rəhbərlərindən tələb etməlidir. Universitetdən tələb etmək lazımdır ki, sən mənə işsiz vətəndaşmı verdin, yoxsa əmək bazarının tələblərinə cavab verən işçimi? Dövlət tələbəyə vəsait ayırır ki, gələcəkdə işlə təmin olunub cəmiyyətə faydalı kadr kimi yetişsin. Ona görə də məsələyə baxış bucağı dəyişməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi təhsilə ciddi yanaşmalıdır. Çünki  artıq təhsil əmək bazarıdır. Əmək bazarı da dövlətin gücüdür. İşləyən hər bir vətəndaş dövlətin güclənməsində addım atır, eləcə də vergi ödəyir”.

 

Professor qeyd edib ki, 200 nəfərə dərs keçən müəllimlə 1 nəfərə dərs keçən müəllimin maaşı eyni ola bilməz: “Türkiyədə həkimə gedəndə professorun, dosentin, eləcə də assistentin qiymətinə uyğun müayinələrdə qiymət dəyişir. Təhsildə də bu cür olmalıdır. İxtisas üzrə 1 nəfər qəbul olubsa, ondan ötürü proqram açılmamalıdır. 2-3 nəfər tələbəsi olan universitetlərin fəaliyyətinə gərək yoxdur. Universitetlərin fəaliyyətinə ciddi baxış olmalıdır. Aydınlaşdırılmalıdır ki, universitet əmək bazarına kadr yetişdirə bilir? məzunları var?

 

“Bu gün dünyada texniki fakültənin  məzunları ən zəngin adamlarıdır”:

“Maliyyə ixtisası bu gün ən çox tələbat olan sahələrdən biridir. Amma gəl gör ki, bəzi universitetlərdə maliyyə ixtisası yer alır, lakin bu ixtisas üzrə professor yoxdur. Maliyyə Nazirliyi ixtisasa maliyyə ayırmadan öncə universitetdən tələb etməlidir ki, bu ixtisasa uyğun müəllim, professor,  eləcə də tədris proqram və lazımi kitablar varmı? Bu gün elektronika mühəndisliyi kitabları 1000-2000 manat dəyərindədir. Ona görə də onun məzunu zəngindir.

 

Avtomobil nəqliyyatı üzrə 200.000 manatlıq maşını söküb-dağıtmadan necə öyrənmək olar?   Əgər məzun “jiquli” söküb-yığacaqsa o səviyyədə bilən çoxdur, bunun üçün oxumağa ehtiyac yoxdur. Tələbə ən müasir texnikanı öyrənmək üçün onunla işləməlidir.

 

Bu gün ekologiya, maliyyə ixtisası aktualdır. Bu gün iqtisadiyyat ekologiyanı bilmədən, neft sektorunda işləmək olmaz.  Ekologiyanın zərərinə iqtisadiyyat fəaliyyət göstərə bilməz. İqtisadiyyat ekologiyanın tarazlığı, inkişafı naminə olmalıdır”.