Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-29 10:47:00
Universitetlərdə 1 bala görə kəsilməyə son qoyulur? - AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycan universitetlərində qış imtahan sessiyasının başlamağına çox az qalıb.

 

İmtahan sessiyalarını yüksək qiymətlər ilə bitirən tələbələr olduğu kimi, aşağı nəticələr göstərən tələbələr də mövcuddur.

 

Aşağı nəticə göstərən bəzi tələbələr isə imtahanların şəffaf keçirilmədiyini və nəticələrin düzgün yoxlanılmadığını iddia edirlər. Hətta rüşvətlə imtahanlardan keçirilmə hallarının da olduğunu iddia edənlər var.

 

Bəs hazırda Azərbaycan universitetlərində imtahan sessiyaları ilə bağlı şəffaflıq nə dərəcədədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil üzrə mütəxəssis Məzahir Məmmədli ali təhsil müəssisələrində rüşvətin əvvəlkinə nisbətən qat-qat azaldığını vurğulayıb:

 

“Azərbaycan universitetlərində rüşvətin və korrupsiyanın aradan qaldırılması 2014-2015-ci illərə təsadüf edir. Bu zamandan sonra ali təhsil ocaqlarında müəyyən islahatlar başladı. Amm bu təşəbbüs tam başa çatdırılmadı. Təəssüflər olsun ki, bəzi neqativlər hələ də mövcuddur”.

 

M.Məmmədli düşünür ki, bir-iki universiteti çıxmaq şərti ilə əksər universitetdə imtahan sessiyası şəffaflıq baxımından bir qədər düzəlib:

 

“Tələbələrin qiymətləndirmə meyarlarına gəldikdə isə burada təbii ki, subyektiv yanaşmalara yol verənlər var. Bəzi universitetlər imtahanları kompüter vasitəsi ilə keçirir. Burada tələbələrin nəticələrinə müdaxilə etmək mümkün deyil. Hər kəs öz biliyinə görə qiymət alır. Amma müəllimlərin qiymətləndirməsində tam olaraq hər şey ideal ola bilməz. Deməzdim ki, kütləvi şəkildə müəllimlər nəticələri düzgün yoxlamırlar. Amma bu mövzu ilə bağlı problemlərin olduğunun da şahidi oluruq”.

 

M.Məmmədli universitetlərdə 1 bala görə kəsilmə hallarına da münasibət bildirib:

 

“Müşahidələrim əsasında deyə bilərəm ki, bəzi universitetlərdə həmin 1 balı nəzərə alırlar. Mediaturda olduğum universitetlərdən birində şəxsən rektora 1 bal məsələsi ilə bağlı müraciət etdim. O isə haqlı olaraq cavab verdi ki, real olaraq 91 bal yığıb “A” alan tələbə ilə apellyasiyaya verib 91 bal alan tələbəni bir tutmaq düzgün deyil. Təqaüd söhbətini nəzərə alsaq, bu, real qiymət alanların haqqına girmiş olar. Bu baxımdan da hər kəsin özünəməxsus yanaşması var. Və hər bir universitetdə fərqli yanaşmalar ola bilər”.