Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-27 14:23:50
Magistraturaya sınaq imtahanı: “Nəticələr sualların tərtibatına təsir edəcək”

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 2024-cü il 14 yanvar tarixində magistratura səviyyəsi üzrə yeni modelə uyğun sınaq imtahanı keçirəcək.

 

Bəs yeni imtahan modeli nəticələrə necə təsir edə bilər?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elnur Hacıyev bildirib ki, sınaq imtahanının nəticələrinə uyğun qəbul imtahanlarının sualı müəyyənləşdiriləcək:

 

“Magistratura sınaq imtahanında namizədlərin nəticələri gözləntilərdən yüksək olarsa, qəbulun sualları çətinləşdirilir, lakin nəticələr gözləntilərdən aşağı olarsa, qəbulun sualları nisbətdə asanlaşıdırılır. Hesab edirəm ki, yanvarın 14-də ilk dəfə keçiriləcək magistr sınaq imtahanının keçirilməsi, magistratura qəbul  imtahanındakı sualların optimallaşdırılması və uyğun vəziyyətdə tərtib olunmasına imkan yaradacaq”.

 

Ekspert qeyd edib ki, 2024-cü ildən etibarən magistratura qəbul  imtahanlarında esse mərhələsinin əlavə edilməsini mütərəqqi hal hesab edir:

 

“Belə ki, esse mərhələsində namizədin hər hansı bir məsələyə öz fikrini yazılı bildirmə bacarığı yoxlanılacaq. Namizədə esse yazma tələbinin qoyulması ilk əvvəllər çətin olsa da, düşünürəm ki, yazma bacarığının inkişafına müsbət təsir göstərəcək. Yaxşı olar ki, esse yazma tələbi yalnız sınaq və ya qəbul imtahanlarında yox, qəbuldan sonrakı təhsil müddətində də inkişaf etdirilsin. Magistratura qəbul  imtahanlarında esse mərhələsinə hazırlaşmaq üçün namizədlər essenin strukturunu bilməli, o cümlədən essenin yazılmasına dair tələblərlərlə yaxından tanış olmalıdır”,- deyə fikrini yekunlaşdırıb.