Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-25 09:18:00
Peşə məktəbləri öndədir! - “...ali təhsil almaq istəməyəcəklər” 

Müşahidələrə əsasən hər il peşə məktəblərində təhsil almaq istəyən tələbələrin sayı artır. Bir çoxları düşünür ki, peşə təhsilinə marağın bu qədər yüksəlməsi ali təhsil müəssisələrini bir qədər narahat etməlidir.

 

Çünki ali təhsilini bitirən tələbələr iş tapmaqda çətinlik çəkirlər. Lakin peşə təhsilində vəziyyət tam əksinədir. Hansısa sahə üzrə peşəkarlaşan tələbələr rahat şəkildə əmək fəaliyyəti ilə məşğul ola bilirlər. Bu səbəbdən, gənclər 4 il universitet oxumağı vaxt itkisi kimi görməyə başlayıblar.

 

Peşə təhsilinin önə çıxdığı bir dönəmdə ali təhsil müəssisələri öz prestij və cazibədarlıqlarını artırmaq üçün hansı addımlar atmalıdırlar ?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov vurğulayıb ki, peşə məktəblərinə tələbatın çoxalması, əslində müsbət bir haldır:

 

“Çünki şagirdlər əmək bazarına nə qədər erkən daxil olub, vergi ödəyən bir vətəndaş olsalar, bu, ölkə üçün daha yaxşıdır. Sənayənin inkişaf etdiyi ölkələrdə peşə təhsili çox rəğbət qazanan sahədir. Nəzər yetirsək, görərik ki, Amerika və Almaniyada ali təhsilə yönəlim , Azərbaycana nisbətən daha azdır. Ölkəmizdə kütləvi olaraq hamı ali məktəblərə qəbul olmaq istəyir. Amma məzun olduqdan sonra iş tapmaqda xeyli çətinlik çəkirlər. Ona görə də ixtisas qazandıran peşə məktəblərinin seçilməsi daha rasional qərardır. Bu qərarı fərdi olaraq çox dəstəkləyirəm”.

 

Mütəxəssis, mövcud vəziyyəti yaxşılaşdırmaq üçün ali məktəblərin görməli olduğu islahatlardan söz açıb:

 

“Ali təhsilə gəldikdə isə, əlbəttə, onlar peşə məktəblərinə uduzmamaq üçün bir sıra işlər görməlidir. Burada əsas istiqamət peşə yönümlülüyü artırmaq olmalıdır. Ali məktəblər əmək bazarı ilə daha sıx münasibətdə olub, bazarın tələb etdiyi, istədiyi kadr yetişdirməlidir. Qısaca desək, universitetlər bilməlidir ki, əmək bazarı üçün insan hazırlayır. Ümumiyyətlə, ali təhsil müəssisələrində təcrübə dövrünün uzun olması daha məqsədəuyğundur. Kadrları sənayedən seçməlidirlər. Beləcə, əmək bazarının ehtiyacını qarşılaya biləcək insanlar yetişəcək. Tələbələr də görəcək ki, ali məktəblər peşə məktəblərindən daha yuxarı səviyyəli texniki işçi ərsəyə gətirir”.


Q. Məhərrəmov qeyd edib ki, ali təhsil müəssisələri tələbələrə yalnız peşə qazandırmaqla kifayətlənməməlidir:


“Eyni zamanda, onlara təşəbbüskarlıq, “start-up” düşüncəsi və s. kimi məsələləri də izah etməlidirlər. Çünki artıq məzunların bir çoxu iş axtarmır, iş qurur. Ona görə də iş qurma mədəniyyəti, təfəkkürü, biznes və s. bu kimi məsələlər mütləq şəkildə tələbələrimizə aşılanmalıdır ki, onlar peşə məktəblərinin məzunlarından bir səviyyə üstə olsunlar. Yoxsa, heç kim 4 il ali məktəbdə təhsil almaq istəməyəcək.