Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-22 15:33:00
Qızılcaya yoluxmuş tələbənin dərsə gəlməməsi üzürlü hesab olunur? - RƏY

“Universitet rəhbərliyinin daxili nizamnaməsinə görə istərsə (amma məcbur və borclu deyil) o tələbənin qayıblarını üzürlü hesab edə bilər”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib.

 

Ekspert bildirib ki, Qızılca və ya yoluxucu xəstəliyə yoluxmuş tələbəyə qayıb yazılır:

 

“Qızılcaya və ya hansısa yoluxucu xəstəliyə yoluxmuş tələbəyə qayıb yazıla bilərmi, o tələbənin dərsdə iştirak etməməsi üzürlü hesab oluna bilərmi?

Məlumdur ki, hazırda şagird və tələbələr arasında qızılca xəstəliyinə tutulmuş şəxslər var. Həmçinin bədbəxt hadisə nəticəsində xəsarət alan tələbələr olur. Bu zaman onların dərsdə iştirak etməməsi üzürlü hesab olunmur. Düzdür, insani nöqteyi-nəzərdən düşünə bilərik ki, bu məcburi dayanmadır və bu halın aradan qaldırılması həmən şəxsin əlində deyil. Amma qüvvədə olan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda qeyd olunur:

Maddə: 3.2.23. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər”.

 

Son olaraq K.Əsədov söyləyib ki, universitet, kollec öz fəaliyyətini qüvvədə olan qanunvericilik aktlarına istinadən təşkil edir:

 

“O da düzdür ki, tələbə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət ala, yoluxucu xəstəliyə düçar ola bilər. Bu zaman onun tibbi məntəqədə xəstəliyə aid qeydiyyat vərəqi (kartoçka) açılır. Amma bu səbəb ona dərsdə iştirak etməməsini üzürlü saymağa əsas vermir. Və tələbənin bu və ya digər səbəblərdən semestr müddətində tələb olunan müddətdən artıq dərsdə iştirak etməməsi onun həmən fəndən imtahanda iştirak etməsini məhdudlaşdırır və tələbə o fəndən kəsilmiş hesab olunur.  Lakin universitet rəhbərliyinin daxili nizamnaməsinə görə istərsə (amma məcbur və borclu deyil) o tələbənin qayıblarını üzürlü hesab edə bilər”, - deyə fikrini yekunlaşdırıb.