Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-01 16:19:34
Uşaqlarda qeyri-etik davranışı formalaşdıran valideyndir

Son günlər məktəblərdəki xoşagəlməz hallara görə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində məktəblilərin qeyri-etik davranışları ilə bağlı xüsusi cəza mexanizmlərinin yaradılması nəzərdə tutulub.

 

Bəs, görəsən, cəza mexanizmi kimi nələr tətbiq edilə bilər?

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov mövzu ilə əlaqədar AzEdu.az-a danışıb.

 

İ.Orucov qeyd edib ki, cəmiyyətdə davranışları tənzimləyəcək çərçivələr mütləq lazımdır.

 

“Tək Azərbaycanda deyil, bütün cəmiyyətlərdə yazılan və yazılmayan qanunlar var. Bir çox hallarda mentalitetdən irəli gələrək yazılmamış qanunların işlədiyini görürük. Düşünürəm ki, bu çox doğrudur, çünki həmin dəyərlərin özündə də böyük humanizm var. Hər şeyi yazmaq, qanuni şəkildə qəbul etmək mümkün deyil, ona görə də tənzimləyici mexanizmlər kimi dəyərlərdən irəli gələn alətlər mütləq işlənməlidir.

 

Təbii ki, heç kim uşaqlara cəza verilməsinin tərəfdarı deyil. Burada söhbət hansısa qəddarlıqdan, sərtlikdən getmir. Çətin tərbiyə olunan uşaqlar da bizim övladlarımızdır. Bu səbəbdən də, onları düz yola gətirmək, məzəmmət etmək və doğru yolu göstərmək çox vacibdir.

 

Cəmiyyətimizdə son illərdə dəbə minən, lakin doğru olmayan bir şey var. Kimsə hüquqdan sui-istifadə etdiyi yerdə digər şəxsin hüququnu pozur. Məsələn, bir şagird gəlib sinifdə qeyri-etik davranır və düşünür ki, bu mənim insani hüququmdur. Ona görə də edə bilərəm, lakin burada digər şəxslərin hüquqları kobudca tapdalanır. Məhz bu səbəblərdən də etik davranış çərçivələri, mexanizmlər lazımdır. Şüurlarda oturuşmuş cəza formalarının tətbiqindən söhbət getmir. Təbii ki, məktəbyaşlı uşaqları həbs edə bilmərik. Buna nə qanun, nə də ki, beynəlxalq humanitar dəyərlər yol vermir, eləcə də bizim özümüz istəmərik ki, hansısa uşağa sərt cəza verək”.

 

“Uşağı çətin tərbiyə olunacaq həddə çatdıran valideyndir”, -deyə İ.Orucov vurğulayıb:

 

“Uşağa görə məsuliyyət göstərən tərəflər var. Valideyn uşağının məsuliyyətini başa düşməlidir. Deyirik ki, uşaq çətin tərbiyə olunandır. Bəs, onu çətin tərbiyə olunacaq həddə kim gətirir?

 

Bir paylaşım qarşıma çıxmışdı. Deməli, içki məclisində valideynlər təzə dil açmış uşağa içki dolu qədəh verirlər. Uşaq dadına baxaraq “acıdır, acıdır!”-,  deyir. Kimdir bunu öyrədən? Valideyndir, valideynlik məsuliyyətini dərk etməyən o insandır. Beləsinə valideyn də demək olmaz...

 

Uşaqlarda qeyri-etik davranışı formalaşdıran mühitdir. Onların qarşılaşdığı ilk mühit isə ailədir. Bu baxımdan cəza dedikdə valideynlərin məsuliyyətinin artırılmasından söhbət gedir. Ailənin tərbiyəsi yoxdursa, uşaqlar xüsusi tərbiyə müəssisələrinə göndərilməlidir. Ancaq valideynlər bilməlidirlər ki, uşağı etdiyi hərəkətə görə onları cərimələr gözləyir”.