Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-22 13:23:00
“Maraqlı adam”: “Şagirdimin ən böyük arzusunu reallaşdırdıq” - MÜSAHİBƏ

AzEdu.az təhsil portalı “Maraqlı adam” rubrikasında növbəti müsahibəni təqdim edir.

 

Bu dəfə haqqında bəhs etdiyimiz müəllim özünəməxsus maraqlı metodlar ilə şagirdlərinin sevgisini qazanan Azərbaycan dili müəllimi Arifə Məmmədovadır. Arifə müəllimin dərslərindən maraqlı görüntüləri sosial şəbəkələrdə gündəm olub.

 

 O, ucqar kənddə, çətin şəraitdə dərs keçməsinə baxmayaraq, işinə və şagirdlərinə çox bağlıdır.

 

Saytımıza müsahibə verən müəllim qeyd edib ki, fəaliyyət göstərdiyi məktəbdə həm direktor müavini, həm də Azərbaycan dili və ədəbiyyat müəllimdir...

 

- Qeyd edim ki, mən Şəmkir rayon Şəmkir kənd tam orta məktəbində direktor müavini olaraq fəaliyyət göstərirəm. Artıq direktor müavini olmağımın 3-cü ilidir. Müəllimlik fəaliyyətimə müəllimlərin işə qəbul imtahanı vasitəsi ilə Kürdəmir rayon Quşlar kənd orta məktəbindən başlamışam. Həmçinin, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 5-ci və 7-ci qrand müsabiqələrin qalibiyəm. 4 ildir ki, müəllimlik fəaliyyəti ilə məşğulam. Azərbaycan dili və Ədəbiyyat müəllimiyəm. Onu da vurğulayım ki, STEAM Azərbaycan festivalının ötən il qalibi olmuşam. Bu il isə finalçılardan biriyəm.

 

- Sosial şəbəkələrdə qarşımıza çıxan paylaşımlarınızda şagirdlərlə çox səmimi olduğunuzu görürük. Bu sevgini necə qazandınız?

 Açıklama yok.

- Düzdür, şagirdlərlə aramdakı münasibət çox səmimidir. Onlara göstərdiyim diqqət və qayğının daima qarşılığını alıram. Bu isə mənim üçün böyük bir xoşbəxtlikdir. Bir işi nə qədər sevgi ilə görsək, nəticə də bir o qədər effektiv olacaq. Sevgi elə bir nüansdır ki, qarşılıqlıdır. Ona görə də şagirdlərimə göstərdiyim sevgi hər zaman özünü doğruldur. İndiki şagirdi ələ almağın yeganə yolu onlarla səmimi olmaqdır. Düşünürəm ki, sevgi veririksə, sevgi də görəcəyik.

 

Dərs dediyiniz məktəbin şəraitsiz olduğu nəzərə çarpır. Bu şəraitsizlik sizdə və ya şagirdlərinizdə hər hansı bir narazılığa səbəb olurmu?

 

- Burdan əvvəl Kürdəmir məktəbində çalışmışam. Orada 180 km yol gedirdim. Düşünürdüm ki, bu məni yorar və tədris prosesinə mane olar. Lakin “mənzilə” çatdıqdan sonra dərs prosesində yorulmadığımın fərqinə vardım. Həmçinin bu, Şəmkirdəki fəaliyyətimə də daxildir. Dərs dediyim şagirdlərin əksəriyyəti türkdür. Maddi vəziyyətin, şəraitin olmaması düşünürəm ki, bizə mane olmur. Mənə görə  insan gözəl yerlərdə işləməyi arzulamamamalı, olduğu yerləri gözəlləşdirməlidir.

 

Uşaq vaxtı hər kəs həkim olmaq istəyəndə mən həmişə müəllim olacağımı dilə gətirirdim. Bizim küçədə hər kəs məndən şikayət edirdi ki, qara divarları ağ təbaşirlərlə yazırdım. Yüksək bal toplayıb bu peşəni sevə-sevə seçdim. 6-cı sinifdən gələcək karyeramı qurmağı planlaşdırırdım. Mən həmişə deyirdim ki, “mən müəllimliyi ən yüksək zirvələrə qaldıranlardan olacam”. Müəllim adı mənim üçün xüsusi əhəmiyyət kəsb edir.

 

- Maraqlıdır, şagirdlərinizlə ən yadda qalan xatirləriniz nə olub?

- Dərs dediyim şagirdlərlə maraqlı anlarımız çox olub. Onların içərisində ən yadda qalan Kürdəmir məktəbində fəaliyyətim zamanı baş vermişdi. Şagirdlərə “mənim arzum” adlı inşa yazdırdım. Onlardan biri yazmışdı ki, "ən böyük arzum ad günümün olmasıdır". Daha sonra həmin şagirdlə maraqlandım. Mənə dedilər ki, həmin şagirdin atasının dəfn ilə ad günü eyni vaxta təsadüf edir. Həmin şagirdin ad gününə 2 gün qalmış ona sinifdə şənlik təşkil etdik. Hətta valideyni mənə təşəkkürünü bildirdi və dedi ki, bu övladının qeyd etdiyi yeganə ad günü idi...

 

- Bir çox müəllim üçün dərs deməyə başladığı ilk gün özəl olur. Bəs siz həmin günü necə xatırlayırsız? Yaddaşınızı təzələyə bilərsiz?

- İlk dərs günü məktəbdə təsadüfən respublika bədii yaradıcılıq elminin müsabiqəsi keçirilirdi. Kənd məktəbi olduğu üçün sinifdə maksimum 4-5 uşaq olurdu. Mənə dedilər ki, dərsdə yalnız Əlövsət var. Müsabiqə ilə bağlı şagird lazım idi və direktorda Əlövsətin musiqi qabiliyyətinin olduğunu qeyd etmişdi. Şagirdim mənə ən böyük arzusunun musiqiçi kimi fəaliyyət göstərmək olduğunu dedi. Onun ifasını dinlədikdə sonra həqiqətən də böyük pontensiala malik olduğunu fərq etdim. Onunla müsabiqəyə hazırlaşdıq və 1 aydan sonra müsabiqənin qalibi oldu. Onu yarışmaya hazırlayanda demişdim ki, nə vaxtsa bu istedadına görə hansısa televiziya verlişinin qonağı olsan, mənə ordan “salam” göndərərsən. Çox keçmədən bu istəyimi reallaşdırdı. Onu xüsusi istedadına görə televiziya verlişinə çağırdılar. Və oradan mənə “salam” göndərdi. Ona görə də ilk dərs günüm xüsusilə yaddaşıma həkk olunub.

 

- Çətin şəraitdə dərs dediyiniz ortadadır. Bəs aldığınız maaş necə, sizi qane edirmi?

- Mən təlim-tərbiyə üzrə direktor müavini olaraq çalışıram. Aldığım əməkhaqqı məni qane edir. Çünki mənim üçün əsas şagirdlərimlə keçirdiyim maraqlı anlar və onlara yetərincə bilik savad öyrətməyimdir.

 

- Bəs sinifinizdə fərqli istedada malik şagirdləriniz varmı?

 

Açıklama yok.

- Əlbəttə, var. Hesab edirəm ki, hər bir şagird özü özlüyündə bir istedaddır. Sadəcə olaraq müəllim o istedadı tapıb önə çıxarmağı bacarmalıdır. Mən Azərbaycan dili müəllimi olmağıma baxmayaraq şagirdimin hansının informatika, hansının digər fənlərdən yaxşı bildiyini deyə bilərəm.

 

- Karyeranızda hansı istiqamətdə irəliləmək istərdiniz?

- Yenə də təhsil sahəsi üzrə irəliləmək istərdim. Bu gün 400 şagird üçün fəaliyyət göstərirəm, amma gələcəkdə bu rəqəmi daha da artırmaq niyyətindəyəm. Yəni minlərlə şagirdə fayda verəcəyim yerdə olmaq arzularımdan biridir.

 

- Son olaraq Arifə müəllim,  həmkarlarınıza nələr demək istərsiniz?

-Müəllimlik şərəfli bir peşədir. Bu şərəfli peşəni biz ən çox müəllimlər günü hiss edirik. Müəllim şagirdi üçün əlindən gələni əsirgəməməlidir. Bu peşəni sevərək icra etmək  və müəllimlik peşəsinə hər zaman layiq olmağı bacarmalıyıq.