Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-22 11:35:46
Bağça uşaqlarına kim dərs deyir? - Psixoloq, kitabxanaçı, yoxsa müəllim...

Sosial şəbəkələrdə kütləvi olaraq bəzi regionlarda məktəbəhazırlıq qruplarına dərs deyən müəllimlərin ixtisasları ilə bağlı bir sıra şikayətlər ünvanlanır. Onlar iddia edir ki, bağçalarda uşaqlara tərbiyəçi-müəllimlər deyil, kitabxanaçılar və ya psixoloqlar dərs keçir.

 

Bəs, görəsən Bakıda məktəbəqədər təhsil müəssisələrində bu kimi hallara rast gəlinirmi?

 

Mövzu ilə bağlı məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Azadə Əhmədova AzEdu.az-a danışıb.

 

Müəssisə rəhbəri qeyd edib ki, Bakı şəhərində kitabxanaçının tərbiyəçi  vəzifəsində işləməsi hallarına rast gəlməyib: “25 ildir məktəbəqədər təhsil müəssisələrində direktor vəzifəsində işləyirəm. Hələ ki, kitabxanaçının tərbiyəçi kimi fəaliyyət göstərməsi halı ilə qarşılaşmamışam. Kitabxanaçılıq, eləcə də digər peşə sahiblərinin məktəbəqədər təhsil müəssisəsində işləməyi düzgün deyil. Məktəbəqədər təhsil ixtisası əvvəllər Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris olunurdu. Sonra isə məktəbəqədər təhsil ixtisası Azərbaycan Dövlət Pedaqoji Kollecində də tədris olunmağa başladı. Ümumiyyətlə qeyri-ixtisaslı kadrların işə götürülməsi o halda olurdu ki, onlar ya diplomlarını dəyişirdilər, ya da 1 illik ixtisas dəyişmə kursuna gedirdilər”.

 

A.Əhmədova qeyri-ixtisaslı kadrların məktəbəhazırlıq qruplarında işləməsi məsələsinə münasibətini bildirib: “Bu cür halların mövcudluğu düzgün deyil. Bu həm pedaqoji, həm də uşaqların psixologiyasını bilmək baxımından uyğunsuzluq təşkil edir. Digər ixtisasa yiyələnən şəxslər uşaq psixologiyası, nitq inkişafı, eləcə də pedaqogikasından xəbərdar olmur. Məhz bu fənlər məktəbəqədər təhsil ixtisasında tədris olunur”.