Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-21 12:11:00
Diplomların verilməsi gecikir?– Universitetlər: “Özləri gəlib götürmür”

Sosial şəbəkələrdə bəzi universitetlərin tələbələrə diplomu təqdim etməməsi ilə bağlı fikirlər səslənidirilir. Belə ki, tələbələrin bir qismi qeyd edir ki, diplomlarını hələ də ala bilməyiblər.

 

Şikayətləri nəzərə alaraq AzEdu.az Təhsil Portalı universitetlər arasında sorğu keçirib.

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, UNEC-də bütün məzunların diplomları hazırlanıb:

 

“Kim istəyirsə, gəlib diplomunu götürüb. Diplomu hazır olan, amma götürməyən məzunlar da var”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nicat Abdullayev qeyd edib ki, azərbaycanlı tələbələrin diplomları hazırdır və gəlib götürürlər:

 

“Yalnız xarici tələbələrin diplomları hələ ki, onlara verilməyib. Bu universitetdən asılı olan bir proses deyil. Diplomların hazırlanması ilə bağlı proses belədir: universitet tələbə ilə bağlı məlumatları Elm və Təhsil Nazirliyin portalına daxil edir və o portalda yoxlamalardan sonra tələbələrin adına uyğun nömrə ilə universitetə diplom gəlir. Universitet tələbənin ad, soyadını qeyd edir, möhür vurulur və diplom tələbəyə verilir. Xarici tələbələrdə bu proses gecikir. Səbəb isə həmin tələbələrin daha dərindən araşdırılmasıdır. Daha sonra həmin tələbələrə də diplomlar təqdim edilir”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirib ki, diplomlar hazırlanır, imzalanır və fakültə sırasıyla təqdim olunur:

 

“Hazırda ciddi problem yoxdur”.

 

Azərbaycan Universitetinin (AU) mətbuat katibi Lalə Dilanova söyləyib ki,  diplomlar oktyabr ayında təqdim edilir:

 

“Tələbə şöbəsinə müraciət edən bütün məzunlarımıza diplomlar təqdim olunur”.

 

Bakı Ali Neft Məktəbindən (BANM) bildirib ki,  Bakı Ali Neft Məktəbində diplomlar Məzun Günündə təqdim olunur.

 

Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə qeyd edib ki, akademik öhdəliklərini uğurla tamamlayıb, təhsilini başa vuran bütün şəxslər məzun statusunda öz bakalavr və ya magistratura səviyyəsi üzrə öz diplomlarını alırlar:

 

“Diplomu ala bilməmə halları bildiyimiz kimi təhsilini başa vura bilməmək, akademik borcları qalmaq, ailəvi, işgüzar və ya müxtəlif səbəblərə görə olur”.

 

Bakı Mühəndislik Universitetini (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev vurğulayıb ki, BMU-da bütün məzunların diplomları hazırlanıb:

 

“Məzunların diplomlarını götürməsi üçün bütün şərait yaradılıb. Bununla bağlı hər hansı narazılıq, ləngimə mövcud deyil”.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova  qeyd edib ki, məzunlarım diplomları verilir:

 

“Demək olar ki, builki məzunların 90%-nin diplomu hazırdı. Onlardan 50% diplomunu təhvil alıb. 40%-i isə diplomunu götürməyib. Qalan 10%-in diplomlarının üzərinə məlumatlar yazıldıqca məzunlara xəbər verilir”.

 

Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, bütün kreditləri toplayan tələbələrin diplomları sentyabr ayında onlara təhvil verilmişdir.

 

Azərbaycan Dillər Universitetindən (ADU) bildirib ki, dekabrın 25-də tələbələrə diplomların verilməsi yekunlaşdırılacaq:

 

“Lakin nəzərə alsaq ki, əmrlər iyul ayında verilir və dövlət müəssisələrində avqustda məzuniyyət dövrü olur. Diplomlar avqustda təhvil verilən kimi ilk növbədə sosial vəziyyətinə görə oğlanlar, daha sonra şəhid ailələri və qazilərin diplomları yazılır. İkinci mərhələdə fərqlənmə diplomları, digər mərhələ də isə adi diplomlar yazılır. Bu il 1785 tələbə məzun olmuşdur”.