Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 15:11:20
DİM-də növbəti təlimlər başlayıb

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğu üçün Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.

 

AzEdu.az xəbər verir ki, təlimlərin 2023-cü ilin 19 - 22 dekabr tarixlərində Abşeron, Xızı, Sumqayıt və Şirvanda təşkil olunması nəzərdə tutulur.

 

19 dekabr tarixində Abşeron rayonu Xırdalan şəhərində 11 saylı tam orta məktəbin binasında “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında, Xızı rayonu Heydər Əliyev Mərkəzində “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında, həmçinin Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Münaqişələrin idarəedilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında ilk təlimlər təşkil olunub. Təlimlərdə dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələri iştirak ediblər.

 

Təlim zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilib, müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

 

Qeyd edək ki, təlimlər təqvim üzrə ilin sonunadək davam edəcək.