Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 09:35:00
Deputat: Peşə təhsillilər ali təhsilli şəxslərdən daha çox qazanır

Bu yaxınlarda Elm və Təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin tərkibində peşə təhsili müəssisəsinin yaradılmasının nəzərdə tutulduğu barədə ictimaiyyətə açıqlama verdi.

 

Maraqlıdır, hazırda ölkəmizdə hansı peşə sahiblərinə təlabat var? Əmək bazarında kimlərə ehtiyac duyulur?  

 

Millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a mövzu ilə bağlı açıqlama verib.

 

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Deputat bildirib ki, bu gün gənclərin peşə təhsilinə yönəlməsinə çox böyük ehtiyac var: “Təəssüf ki, Azərbaycanda gənclər və valideynlər arasında belə bir fikir formalaşıb ki, abituriyent ancaq ali təhsil almaq uğrunda çalışmalıdır.  Ancaq bu gün bütün peşələr üzrə, eləcə də başmaqçı, dərzi, saç ustası, çilingər sahələrində çox ciddi peşəkarlara ehtiyac duyulur. Müşahidələrə əsasən görürük ki, insanlar yaxşı başmaqçı, aşpaz, avtomobil ustası tapmaqda çətinlik çəkirlər”.

 

İnsanların peşə təhsilinə yönəlməsi üçün maarifləndirmə işləri aparılmalıdır-deyə C.Məmmədov bildirib: “Televiziya eləcə də, digər Kütləvi İnformasiya Vasitələrində peşə təhsilinin əhəmiyyəti barədə ciddi təbliğat işləri aparılmalıdır. İnsanlar düşünməməlidir ki, ancaq ali təhsil diplomu almaq vacibdir. Peşə təhsilinin də diplomu var. Hesab edirəm ki, bu gün peşə təhsilli şəxslər ali təhsillilərdən daha çox qazanır, nəinki az”. 

 

Millət Vəkili vurğulayıb ki, Qarabağda yaradılacaq peşə məktəbində bütün peşələrə yer verilməlidir: “Nəzərə alsaq ki, Qarabağ böyük bir ərazini əhatə edir və gələcəkdə 100 minlərlə insanın məskunlaşması nəzərdə tutulur.  Buna  görə də bütün peşələr üzrə peşəkar kadrlara ehtiyac olacaq. Bizim əsasən hansı sahə üzrə plan və məqsədlərimiz varsa, onun üzərində işləməliyik. Yeni peşələrin yaradılması, mütəxəssislərin hazırlanması prioritet vəzifə kimi qarşımızda durmalıdır”.